Müasir dünyanın ən aktual məsələlərindən biri məhz enerji təhlükəsizliyidir. Bu gün beynəlxalq və dövlətlərarası münasibətlərin fonunda baş verən, az qala hər gün dünya ictimaiyyətinin narahatlıqla izlədiyi məsələlərdən biri məhz enerji təhlükəzisliyi məsələləridir.
Hasil və emal olunan enerjidən istifadənin forma və metodları, enerji qaynaqlarına sahiblənmək uğrunda qlobal güclərin mübarizəsi, fond birjalarındakı enerji qiymətlərinin qeyri sabitliyi və bu qiymətlərin bir çox hallarda ayrı-ayrı dövlətlərin siyasi qərarlarından asılılığı heç şübhəsiz ki, narahatlıq doğuran məsələlərdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli nə qədər problematikdirsə, bir o qədər qlobal və aktualdır. Məhz belə bir şəraitdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Beynəlxalq Energetika və Yaşıl enerji - “Caspian Power” sərgilərinin keçirilməsi cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhvədir. Bu sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransının 29-cu sessiyası ərəfəsində baş tutması və bu tədbirdə “Yaşıl dünya naminə - COP 29 strateji inkişaf yolları” adlı xüsusi sessiyanın keçirilməsi ölkəmizin qlobal enerji təhlükəsizliyi məsələlərinə davamlı olaraq töhvələr vermək istəyini sübut edir.
Sərginin həm də, respublikamızın uzun illərdir icra etdiyi uğurlu enerji təhlükəsizliyi strategiyasının dünyaya nümayiş etdirilməsi baxımından vacib əhəmiyyəti vardır. Eyni zamanda respublikamızın və cənab prezident İlham Əliyevin simasında dünyaya sübut edirik ki, hansı coğrafiyada mövcudluğundan asılı olmayaraq istənilən dövlət təkcə milli və siyasi maraqları naminə deyil, həm də regional və qlobal səviyyədə enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhvələrini verə bilər. Bunun üçün bəşəri dəyərlərə hörmət və bu istiqamətdə ardıcıl fəaliyyət əsasdır. Bu mənada ölkəmiz Azərbaycan nümunəsini yarada bilib. Artıq bu mövqe qlobal enerji təhlükəsizliyi məsələləri ilə maraqlanan dövlətlər və beynəlxalq təsisatlar tərəfindən də təqdir olunmaqdadır. Cənab İlham Əliyevin qeyd etdiyi fikirlər dövlətimizin bu sahədəki mövqeyinin ifadəsidir: - “Mən hər il Xəzər Neft-Qaz sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim bu işə çox sadiq olan heyətimiz var – beynəlxalq maliyyə institutları. Biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır”.
Milli təhlükəsizliyinin bütün komponentləri üzrə uğurlara imza atan Azərbaycan dövləti artıq təkcə regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyi məsələlərinə də töhvələr verməkdədir. Xüsusilə “Yaşıl enerji”nin istehsalı və ixracı potensialına görə dünya dövlətlərinin diqqətini cəlb edən ölkəmiz, bütövlükdə qlobal enerji təhlükəsizliyi problemlərinin həll modullarını təqdim edir. Bu siyasətin uğurları müasir Azərbaycan dövlətinin və xlqımızn milli təhlükəsizliyinin yüksək səviyyəli təminatına hesablanmış tarixi addımlardır.
Kamil Qurbanlı
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri.