Dövlət başçısı çıxışında Azərbaycanın neft, qaz və bərpaolunan enerji sahəsində qazandığı uğurlara diqqət yönəltdi. Təbii ki, bu uğurlara yol açan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib. Cənab İlham Əliyev tədbirdəki çıxışında vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadı. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
30 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyasının şanlı səhifəsi yazıldı. Bu illər ərzində müxtəlif çətinliklərə və maneələrə sinə gələrək uğurla həyata keçirilən “Əsrin müqaviləsi” ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin edib və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan verdi. “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatdı, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi.
Ölkə başçısı çıxışında enerji sahəsinin inkişafı, yenilənən enerji istiqamətləri, sürətli inkişafın təmin edilməsi və Azərbaycanın energetika potensialı kimi əsas məqamlara da diqqət çəkib. Danılmaz faktdır ki, dünyada baş verən ekoloji problemlərin, bir sıra fəlakətlərin təməli iqlim dəyişikliyi ilə bağlıdır. Daha əvvəl də dəfələrlə həyəcan təbili çalınmasına rəğmən, qlobal sferada hazırkı siyasi status ekoloji problemləri prioritet məsələ kimi ikinci plana atıb. Bu səbəbdən Azərbaycanın belə önəmli məsələyə ciddi diqqət ayırması təqdirəlayiq hadisədir. Bakı Enerji Həftəsində neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislər görüş keçirir, Bakı Enerji Forumu isə enerji siyasətinin bütün seqmentlərini əhatə edir.
Azərbaycanın əldə etdiyi uğurların əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və proqmatik siyasət təşkil edir. Ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Bir sözlə, Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı bu uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası müstəqil dövlətimizi beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi bundan sonra da qəbul ediləcək və ölkəmizin enerji potensialı getdikcə yüksək səviyyədə güclənəcək. Əminliklə deyə bilərik ki, Azərbaycanın sabahı bu günündən daha qüdrətli olacaqdır.
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.