
"Bilesuvarinfo" xəbər verir ki, müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və din xadimləri iştirak edib.
Tədbirdə çıxış edən İcra başçısı Faiq Qürbətov qeyd edib ki, ölkəmizdə milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, mövcud olan dövlət-din münasibətləri həmişə yüksək səviyyədə inkişaf edib. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir.
Tədbirdə bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edilib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, torpaqlarımzın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim yad edilsin, ruhlarına dualar oxunsun, moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin. Ramazan bayramı dövründə keçirilən bütün tədbirlərin dinimizin və dövlətimizin qanunları çərçivəsində həyata keçirilməsinin vacibliyi din xadimlərinin diqqətinə çatdırılıb.
Görüş zamanı tədbir iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.