Bu gün 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən ağacəkmə aksiyası keçirildi. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən "BILESUVARINFO"-ya bildirilib ki, mərkəzin qarşısında yerləşən boş ərazidə təşkil olunan aksiyada Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev, idarənin kollektivi və Kənd Təsərrüfatı Nazirliyinin yerli qurum əməkdaşları iştirak etmişdir. Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
12 dekabr Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədi daşıyıb.
Qeyd edək ki, Ağacəkmə aksiyasında 40-dan çox yerli iqlim şəraitinə uyğun olan ağaclar əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilmişdir.
![](/uploads/posts/2024-12/1734002320_aksiya1.jpg)
![](/uploads/posts/2024-12/1734002823_aksiya22.jpg)
![](/uploads/posts/2024-12/1734002433_aksiya4.jpg)
![](/uploads/posts/2024-12/1734002415_aksiya7.jpg)
![](/uploads/posts/2024-12/1734002825_aksiya2.jpg)
![](/uploads/posts/2024-12/1734002904_aksiya5.jpg)