18 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 31-cu ildönümü qeyd olundu.
"BİLESUVARİNFO" xəbər verir ki, Heydər Əliyev parkına gələn Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.
İştirakçılarla görüş zamanı Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov qeyd etdi ki, hətta 71 illik sovet rejimi belə xalqımızın müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. Uzun illər böyük bir imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı öz dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlaya bildi. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini elan etməsi müstəqil dövlətçilik yolunda yeni bir mərhələnin başlanğıcı oldu.
1993-cü ildə, respublikamızın qarşılaşdığı çətin bir zamanda müdrik Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı.Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının davamı 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Şübhəsiz ki, 2020-ci ilin payızında Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı müharibədə qazandığı tarixi Zəfər Azərbaycan xalqının yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi. Böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan bu gün regionun ən güclü ordusuna, ən sabit iqtisadiyyatına və ən böyük inkişaf potensialına sahib olan bir dövlətdir.
Biləsuvar Rayon icra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə bir daha rayon əhalisini təbrik etdi və xalqımıza müdrik Prezidentimizin ətrafında daha sıx birləşərək müstəqilliyimizin daimi və əbədi olması yolunda əzmlə çalışmağı arzuladı.