- 1 dekabr, 18:28
- 107 dəfə oxunub
- 0
Biləsuvarın tanınmış məzunları olan internat məktəbindən – REPORTAJ
1964-cü ildə tikilib istifadəyə verilən məktəb lisey 1976-ci ilədək internat profilli olmaqla ümumi orta, 1977-ci ildən 2009-cu ilədək tam orta təhsil müəssisəsi kimi fəaliyyət göstərib.
Burada Biləsuvardan başqa 10 rayon və şəhərin şagirdi oxuyur
2009-cu ildən isə fəaliyyətini Texniki fənlər təmayüllü internat tipli məktəb lisey kimi davam etdirir. Məktəbin vaxtilə 2 mərtəbəli 1 tədris korpusu, 1 mərtəbəli yeməkxana binası, 3 mərtəbəli 2 yataqxana binası olub.
Ötən il tədris ilində liseyin yeni binası istifadəyə verilib. Məktəbin sinif otaqlarından başqa, fizika, kimya, biologiya laboratoriyaları, hərbi hazırlıq, əmək, informatika kabinetləri, kitabxanası, oxu, akt və idman zalları, yeməkxanası və 100 yerlik yataqxanası var.
Hazırda məktəb liseydə 634 şagird təhsil alır. Məktəb internat tipli olduğuna görə şagird kontingenti arasında aztəminatlı ailələrin uşaqları üstünlük təşkil edir. Təhsil ocağında 70-ə yaxın müəllim və tərbiyəçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.
2022-ci ildən məktəb liseyə şagird qəbulu mərkəzləşdirilmiş qaydada imtahanla həyata keçirilir. Bu il imtahanda yüksək bal toplamış 188 şagird məktəbin 5-8-ci siniflərinə qəbul olub. Məktəbdə Biləsuvardan olan şagirdlərlə yanaşı, ölkəmizin digər 10 rayon və şəhərindən - Cəlilabad, Masallı, Astara, Qobustan, Sabirabad, Samux, Şəmkir, Kürdəmir, Şirvan və Salyandan olan təhsilalanlar da var. Hazırda məktəbin yataqxanasında 42 şagird yaşayır.
Məktəbin tanınmış və qəhrəman məzunları
Məktəbin məzunları arasında həm ölkə, həm də ölkədən kənarda əmək fəaliyyəti ilə xüsusi seçilən şəxslər var. Bu təhsil müəssisəsi vaxtilə şagirdi olmuş vətənpərvər gənc, I Qarabağ müharibəsi dövründə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Kəmaləddin Ağayevin adını daşıyır. Məktəbin şagirdləri olmuş Asif Qasımov, Mahir Məmmədov, Ərəstun Mirzəyev, Aydın Həsənov I Qarabağ, Nicat Qasımzadə və İlkin Məmmədov isə Vətən müharibəsi zamanı şəhadətə yüksəliblər.
Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətdə olan zabitlər Elçin Hacıyev, Elman Məmmədov, Həsənağa Axundov, Tahir Mirzəyev məktəbin məzunlarındandır.
Məktəbin tanınmış məzunları arasında Azərbaycan Silahlı Qüvvələrinin generalı, müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevin də adı var.
Bununla yanaşı, Rusiyanın Moskva şəhərinin meriyasında yüksək vəzifədə çalışan Mirəşrəf Fətiyev də bu təhsil ocağının məzunlarındandır. Moskvanın fəxri memarı olan, iqtisad elmləri doktoru M.Fətiyev Dünya Azərbaycanlıları Konqresinin Rusiyadakı nümayəndəliyinin rəhbəri, Moskva şəhər Yaşıllaşdırma İdarəsinin Baş direktoru işləyib.
Məktəb lisey uğurları ilə həmişə öncüllər sırasında olub. Lisey 3 dəfə təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi seçilib. Məktəbin məzunu Aysel Rəhimli Biləsuvarın ali məktəblərə qəbul üçün keçirilən blok imtahanında maksimum 400 bal toplayan ilk şagirdi olub. 2022-2023-cü tədris ilində VIII sinif şagirdi olmuş Orxan Quliyev coğrafiya fənni üzrə respublika üçüncüsü olaraq bürünc medal qazanıb. Müəllimlərin ötənilki sertifikasiya imtahanında iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimləri - Mətanət Xanhüseynova, Nigar Bayramova 55 bal, Pərvin Məmmədova 58 bal, ibtidai sinif müəllimləri Mehriban Bədəlova 54 bal, Şəhruzə Ağayeva 53 bal toplayıb. Ötən tədris ilində məktəbi bitirən məzunlar yüksək ballarla ölkənin nüfuzlu ali təhsil ocaqlarına qəbul olublar.
“Şagirdlərin olimpiadalara hazırlıqlarına xüsusi önəm veririk”
Mehman Əliyev ötən il məktəb liseyin direktoru təyin edilib. O, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin bir neçə dəfə qalibi olub. "Şagirdlərin vətənpərvərlik tərbiyəsi ilə yanaşı, olimpiadalara hazırlıqlarına da xüsusi önəm veririk. İnanıram ki, növbəti illərdə uğurlarımız daha da çox olacaq", - Mehman müəllim deyir.
Yurdumuzun dörd bir yanından gəlib Biləsuvarın bu məktəbində oxuyan şagirdlər burada əsl vətəndaş və şəxsiyyət kimi yetişirlər. Böyük təcrübəyə malik olan bu məktəbin gələcəkdə daha böyük uğurlar qazanacağına inanırıq.
Tural Nəsirov / "Azərbaycan müəllimi" qəzeti, Şirvan-Salyan və Mil-Muğan üzrə regional təmsilçi