Mart ayının 24-də Biləsuvar rayonunun Çaylı kəndində şəhid Məmmədzadə Kamran Füzuli oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Məmmədzadə Kamran Füzuli oğlu 24 mart 1996-cı ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Çaylı kənd tam orta məktəbində təhsil almış və 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildən ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş, sentyabr ayının 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 sentybar 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədzadə Kamran Füzuli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Çaylı kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!