Noyabr ayının 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində şəhid pilot Gözəlov Xalid Həsən oğlunun doğum günü ilə əlaqədar ata yurdu ziyarət olunmuşdur.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayonun Ağayrı kəndində isə şəhid Nuri Xəyal Şakir oğlunun anım günü ilə əlaqədar ata yurdu ziyarət olunub. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu olmuş şəhid Gözəlov Xalid Həsən oğlu 4 noyabr 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlayıb. 2019-cu ildə baş leytenant rütbəsi alıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş, 28 sentyabr 2020- ci ildə II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Gözəlov Xalid Həsən oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Rayonun Aşağı Cürəli kəndində şəhidin ata yurdunun yerləşdiyi küçə onun adını daşıyır.
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Nuri Xəyal Şakir oğlu 12 fevral 1997-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdur. Vüqar Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində təhsil almışdı. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdu. Aprel döyüşlərinin iştirakçısı idi. 2017-ci ildən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 4 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağayrı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Nuri Xəyal Şakir oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!