Dekabr ayının 20-də Biləsuvar rayonunun Günəşli kəndində şəhid Qənbərli Vüsal İlkin oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Qənbərli Vüsal İlkin oğlu 30 mart 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbində təhsil almış və 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Vüsal, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Qubadlı və Xocavəndin
azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və Xocavənd istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 20 dekabr 2020-ci il tarixində Günəşli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qənbərli Vüsal İlkin oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Vüsal Qənbərli ailəli olub 1 oğul övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Günəşli kəndində küçələrdən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!