» » » “Qarabağ” ordenli şəhid Məhəmməd Əmənov anıldı


“Qarabağ” ordenli şəhid Məhəmməd Əmənov anıldı

Vətən müharibəsi şəhidi, tank komandiri Məhəmməd Əmənov şəhadətinin üçüncü ildönümündə anıldı.

"Bilesuvarinfo" xəbər verir ki, anım günündə şəhidimizin ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak edib. 

Anım mərasimində qəhrəman şəhidimizin ruhuna dualar oxumuş və şücayətlərindən söz açılıb. Şəhidə həsr olunan şeirlər səsləndirilib. Vətənə qəhrəman oğul böyüdən Nüşabə ana Məhəmmədlə bağlı qürürverici xatirələri yada salıb. Deyib ki, xidmət göstərdiyi bütün illərdə Məhəmməd nümunəvilər sırasında olub, torpaqların işğalda qalması onu heç vaxt rahat buraxmırdı. 

Mərasimdə Vətən müharibəsi iştirakçısı, polkovnik - leytenant Şaiq Şiriyevin şəhidimiz haqqında danışarkən dedikləri xatırlanıb: “Cəbhədən hər gün gələn Qələbə xəbərlərində tankçı gizir Əmənovun və heyətinin misilsiz xidmətləri olub. O, vətənini sevən əsil qəhrəman idi. Döyüşlərin 24-cü günündə Ağdərə istiqamətində düşmənin pusqusuna düşən silah yoldaşlarını xilas edərkən Məhəmməd şəhidlik zirvəsinə yüksəlir. 30 ildən bəri erməni işğalında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum əməliyyatı zamanı Məhəmməd Əmənov xüsusi qəhrəmanlıq göstərərək düşməni məhv edib.. .”

Qeyd edək ki, şəhid Məhəmməd İltizam oğlu Əmənov 1996-cı ildə Biləsuvarın Bağbanlar kəndində anadan olub. Orta məktəb illərindən Vətən təəssübü ilə böyüyən Məhəmməd həqiqi hərbi xidmət dövründə hərb sirlərinə peşəkarcasına yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra o, Gizirlik məktəbində “Tank komandiri” ixtisası üzrə kursları uğurla bitirərək, Goranboy rayonundan xidmətini davam etdirməyə başlayır. Gizir Məhəmməd Əmənov hələ 2016-cı ilin Aprel döyüşlərində əks hücum əməliyyatlarında düşmənə layiqli cavab verən tank komandirlərindən olmuşdu. Mərdliyi, qorxmazlığı ilə komandirlərin diqqətini çəkən Məhəmməd növbəti belə bir şansı 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində yenidən qazanır. O, Suqovuşanın azadlığı uğrunda döyüşüb və Ağdərə istiqamətində ağır döyüşlərdə qəhrəmancasına  şəhid olub.

 Vətən müharibəsində rəşadətli döyüş yolu ona ölümündən sonra da alqış və başucalığı gətirdi. Ali Baş komandanın sərəncamı ilə tank komandiri, gizir Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü medalları və “Qarabağ” ordeni ilə təltif olunub.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR