Biləsuvar rayon Bağbanlar kəndindən olan Vətən müharibəsi şəhidi Əmənov Məhəmməd İltizam oğlunun doğum günündə xatirəsi ehtiramla yad edilib.
"Bilesuvarinfo" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid Əmənov Məhəmməd İltizam oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.
Görüşdə Məhəmməd Əmənovun şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Ziyarət iştirakçıları şəhidin valideyinlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.
Daha sonra ziyarətçilər şəhidin yaxınları ilə birlikdə kənd qəbiristanlığında məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Şəhidin atası İltizam Əmənov göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqını ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olmuş şəhid Əmənov Məhəmməd İltizam oğlu 18 sentyabr 1996-cı ildə Biləsuvar rayon Bağbanlar kəndində andan olmuşdur. 2003-2014 – cü illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil almışdır. 2014-2016 - cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016 – cı ildən Azərbaycan Silahlı Qüvvələrində gizir kimi hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 20 oktyabr 2020 – ildə Bağbanlar kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əmənov Məhəmməd İltizam oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!