Biləsuvar rayonun Aşağı Cürəli kəndində Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub.
"Bilesuvarinfo" xəbər verir ki, mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Qeyd edildi ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də məhz Tovuz döyüşləridir. Bu döyüşlər də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu, düşmən hücumlarının qarşısı qətiyyətlə alındı. Artıq üçüncü ildir ki, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan igidlərimizin əziz xatirəsi xalqımız tərəfindən ehtiramla yad olunur.
Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!