Şair Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” adlı kitablarının bölgələrdəki təqdimat marafonu davam edir. Vətənpərvərlik ruhunun aşılandığı bu görüşlərin növbəti ünvanları Saatlı, Sabirabad, Şirvan və Hacıqabul şəhərləri olub.
"Bilesuvarinfo.az" xəbər verir ki, ənənəyə sadiq qalınaraq təqdimatlar bu rayonların Mərkəzi Kitabxanalarında – sözün, düşüncənin yaşadığı mədəni-maarif ocaqlarında baş tutub. Mövzu isə ali və əbədidir: tariximizin Mübariz zirvəsi – qəhrəman Mübariz İbrahimovun ölməzliyi və bu məktəbin gələcək nəsillərə saf və təhrifsiz şəkildə çatdırılması.
Bu mənəvi missiyanı özünə borc bilən şair Müşfiq Malik Muğanlı bölgələri qarış-qarış dolaşır, Mübariz ruhunun xalqla daha dərindən qovuşması üçün sözün gücündən istifadə edir.
Görüşlərdə “Region-Press” qəzetinin baş redaktoru, jurnalist Surxay Şahbazov da iştirak edərək kitabların ideya-məzmun dəyəri, vətənə və torpağa sədaqətin nəsillər arasında körpü olması baxımından rolu barədə dəyərli fikirlərini bölüşüb. O, Mübariz İbrahimovun qəhrəmanlığını bir bulağa bənzədərək, bu bulağın daim coşub-daşması üçün belə mənəviyyat məktəblərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirlərin keçirildiyi kitabxana rəhbərlikləri də belə maarifləndirici görüşlərə ev sahibliyi etməkdən məmnun olduqlarını qeyd edib, bu cür təşəbbüslərin gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildiriblər.
Beləcə, Mübariz ruhu bölgə-bölgə dolaşır, onun izində doğulan Vətən sevgisi isə sözlə, düşüncə ilə daha da möhkəmlənir…

