» » Daxili İşlər Nazirliyinin Orqanlarında təhsilə və xidmətə təşviqlə bağlı gənclərlə görüş keçirilib


Daxili İşlər Nazirliyinin Orqanlarında təhsilə və xidmətə təşviqlə bağlı gənclərlə görüş keçirilib

Biləsuvar Gənclər evində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilmişdir. 

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş idarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Firdovsi Nəsirov, həmin idarənin baş inspektoru, polis polkovniki Laçın Paşayev, Biləsuvar rayon polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandirinin tərbiyə işləri üzrə müavini, polkovnik-leytenant Elmin Məmmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan sektor müdiri Azad Quliyev çıxış edərək bildirdi ki, 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın təkidli tələbi ilə dövlət idarəçiliyinə qayıtmasından sonra başlanan Qurtuluş missiyası bütün sahələrdə olduğu kimi, respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündəki fəaliyyətdə də əsaslı dönüş yaratdı. Qarabağ bölgəsində atəşkəs əldə edildikdən sonra Azərbaycanın qarşısında yeni bir cəbhədə mübarizə aparmaq zərurəti yaranmışdı. Ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqaların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün ciddi təhlükəyə çevrilmişdilər. Hakimiyyətə yeni gəlmiş ümummilli lider Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri elan etdi. Ulu Öndərin bütün sahələrdə həyata keçirdiyi siyasəti uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğı nəticəsində polis orqanlarının fəaliyyəti yeni dövrün tələblərinə uyğun müasirləşdirilmiş və təkmilləşdirilmişdir. Nəticədə bu gün Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə nəinki MDB ölkələri arasında, ümumiyyətlə, Şərqi Avrora məkanında öncül dövlətlərdəndir. Bu müvəffəqiyyət göstəricisi, şübhəsiz, ulu öndər Heydər Əliyevin fədakar fəaliyyətinin və onun missiyasının layiqli davamçısı Prezident İlham Əliyevin xalqa və dövlətə xidmət siyasətinin əzəmətli təsdiqidir. Həmin nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının da müstəsna xidmətləri olmuşdur.

Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Polis Akademiyasının qarşısında duran əsas vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və diqqətə malik polis zabitləri hazırlamaqdan ibarətdir. Akademiyanın fərqliliyi ondan ibarətdir ki, müdavimlər burada yaşayır, gündə üç dəfə təmiz və keyfiyyətli qida ilə təmin olunurlar. Gənclərimizə yaxşı təhsil almağın vacibliyi diqqətə çatdırılıb. Həmçinin Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində söhbət aparılıb. Sonra Daxili İşlər Nazirliyinin Orqanlarına qəbul qaydaları, orada yaradılmış maddi sosial baza haqqında məlumat verilmişdir.

Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan