
"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Prokuroru Camal Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Biləsuvar rayon prokurorluğunun işçiləri iştirak edib.

İcra başçısı bildirdi ki, 17 iyul 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Respublikamızda prokurorluq orqanlarının formalaşmasında da xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür. Bu gün də canab Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Tədbirdə digər çıxış edənlər də Prokurorluq orqanları işçilərinə peşə fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda rayon prokurorluğunun xidmətdə fərqlənən bir qrup əməkdaşı peşə bayramı münasibətilə təltif olundular.





