» » Biləsuvarda şagirdlərə Çində süni intellekt sahəsində aparılan araşdırmalar barədə təlim keçirilib


Biləsuvarda şagirdlərə Çində süni intellekt sahəsində aparılan araşdırmalar barədə təlim keçirilib


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində şagirdlər üçün süni intellekt mövzusunda maarifləndirici təlim keçirilib.


Kompleksdən "Bilesuvarinfo"ya verilən məlumata görə, təlim, hökumətlərarası təqaüd proqramı çərçivəsində hazırda Çin Elmlər Akademiyasında tədqiqatçı kimi fəaliyyət göstərən Cəfər Həyatov tərəfindən aparılıb.


Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak edib. O, çıxış edərək süni intellektin müasir dövrdə önəmini vurğulayıb və gənclərin texnologiya sahəsində biliklərini artırmasının ölkənin gələcəyi üçün vacib olduğunu bildirib.


Təlimin əsas məqsədi gənc nəslə süni intellekt texnologiyaları, onların tətbiq sahələri və gələcək perspektivləri haqqında fundamental biliklər vermək olub. Təlimdə iştirak edən şagirdlərə süni intellektin tarixi inkişafı, onun müxtəlif sahələrdə – elm, sənaye, səhiyyə və təhsil kimi sektorlarda rolu barədə geniş məlumat təqdim edilib.


Təlim zamanı Cəfər Həyatov Çində süni intellekt sahəsində aparılan qabaqcıl araşdırmalar, texnologiyaların tətbiq olunduğu sahələr və Azərbaycanın bu sahədə hansı imkanlardan yararlana biləcəyi barədə ətraflı məlumat verib. O, həmçinin iştirakçılarla interaktiv müzakirələr aparıb, onların suallarını cavablandırıb və süni intellekt sahəsində gələcək karyera perspektivləri haqqında tövsiyələr verib.


Tədbirin sonunda iştirakçılar bu sahə ilə maraqlanan şagirdlər üçün gələcəkdə daha genişmiqyaslı seminar və praktiki məşğələlərin keçirilməsinin vacibliyini vurğulayıblar.


Qeyd olunub ki, bu cür tədbirlər gənclərin elmi-texnoloji biliklərini artırmaqla yanaşı, onların innovasiya sahəsində fəal iştirakını təşviq etməyə imkan yaradır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan