» » Bu məktəblərdə həmin ərazilərə köçürülən kadrlara üstünlük verilməlidir-Ekspertdən açıqlama


Bu məktəblərdə həmin ərazilərə köçürülən kadrlara üstünlük verilməlidir-Ekspertdən açıqlama


“Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb. Hazırda işğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülməkdə davam edir”.
 
Bu sözləri təhsil üzrə ekspert Rizvan Fikrətoğlu söyləyib. Ekspertin sözlərinə görə, 2023-2024-cü tədris ilində işğaldan azad olunan ərazilərdə yeni 6 məktəb fəaliyyətə başlayıb.
 
“Növbəti tədris illərində bu məktəblərin sayı xeyli artacaq. Bu, qürurverici və ümid artıran hadisədir. Nəzərinizə çatdırım ki, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin işğaldan azad edilan ərazilərimizə düzgün şəkildə köçürülməsi, o cümlədən, müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində işlənilir”.
 
Ekspert deyir ki, Qarabağda həyata keçirilən infrastruktur layihələrinin başında məhz təhsil müəssisələrinin yenidən qurulması, məktəblərin və ali təhsil ocaqlarının bərpası dayanır.
 
“İşğaldan azad olunan ərazilərdə məktəblər ən müasir üslubda inşa edilir. Bir məktəb üçün lazım olan bütün infrastruktur yüksək səviyyədə təmin olunur. Digər məsələ isə bu məktəblərdə çalışacaq müəllim kontingentinin formalaşdırılmasıdır. Azərbaycan məktəblərinə işəqəbul prosesi hazırda imtahan və müsahibə mərhələlərindən ibarətdir”.
 
Ekspert təklif edir ki, bu məktəblərdə çalışacaq müəllimlərin seçimi zamanı həmin ərazilərə köçürülən kadrlara üstünlük verilsin.
 
“Bu, orada yaşayacaq əhalinin məşğulluğunun təmini və keyfiyyət baxımından yaxşı nəticələr verəcək. Digər məsələ isə, daha yaxşı olardı ki, kənar regionlarda yaşayan müəllimlərin burada çalışmaları üçün həvəsləndirmə proqramları təklif edilsin. Bu, praktikada var: H1, H2 kimi həvəsləndirməni yada salmaq olar. Nəticədə yüksək bal toplamış, bilik və təcrübəsi geniş, kompetensiyaları kifayət qədər yetərli olan müəllimlərin bu ərazilərdə tədrisə cəlb olunmasına stimul yaradacaq. Bu da Elm və Təhsil Nazirliyinin seçim imkanlarını genişləndirməklə yanaşı, keyfiyyətli təhsili əlçatan edəcək”.
 
Rizvan Fikrətoğlu sonda qeyd edir;
 
“Müəllim seçimi zamanı yüksək səviyyədə İKT və ixtisas bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlərə meydan verilməlidir. Burada heç bir güzəştə yer verilməməlidir”.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR