
Öyrənirəm ki, əslən Kürdəmir rayonundan olan İman Cəmil oğlu Hümbətovun 25 yaşı var. Müharibə başlayanda həqiqi hərbi xidmətdən yenicə geri dönən İman könüllü olaraq silaha sarılıb, torpaqlarımızın işğaldan azadlığı uğurunda mücadiləyə qoşulub. Füzuli istiqamətində düşmənin 30 il tikdiyi, basılmaz hesab etdiyi istehkamları başına uçuran cəngavərlərdən biridir. 06 oktyabrda Xocavənd istiqamətdə gedən qanlı döyüşdə yaralanıb. O, "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltiv olunub.
İman Hümbətov deyir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının fədəkar həkimləri sayəsində mən həyata yenidən qayıda bilmişəm: “ Xəstəxananın bütün tibbi personalından böyük diqqət və qayğı görürdük. Elman həkim sanki səngərdə idi, gecə-gündüz, dayanmadan yaralılarla dolu palataları gəzirdi, onun bacarığı sayəsində onlarla əsgər həyata qayıtdı. Elə ağır yaralılar da var idi, onların müalicəsi paytaxtda planlaşdırılırdısa, o, bunu burada uğurla bacarırdı. Qəlpə mənim biləngimi tamamilə dağıtmışdı. İlk vaxlar əlimin kəsiləcəyi deyilmişdi və artıq mən buna özümü alışdırmışdım. Yenə Elman həkimim mükəmməl müalicəsi sayəsində əlim kəsilmədi.. ”.
Xəstəxana həyatından (BiLəsuvar RMX-da) sonra ikinci dəfə Biləsuvara qonaq gələn İman birnci gəlişində Elman həkimin vəfatı xəbərini eşitməsindən bərk kədərlədiyini söyləyir: “Çox istəyirdim Elman həkimə sarılıb,ona təşəkkür edim, heyf ki, qismət olmadı. Məkanın cənnət olsun dəyərli həkim. Biz heç vaxt Elman həkimin əziz xatirəsin unutmarıq!”.
Budur, növbəti gəlişində İman qəhrəmanımız həkimləri, tibb bacılarını bir-bir ziyarət edərkən, acılı, şirinli xatirələri yada düşür. Reanimasiya şöbəsinin müdürü Mirnəsihət Mürsəlovun cəfakeş əməyi xüsusi bir yazının mövzusudur. Pərviz həkimlə də bu bir ayda olan yaxınlıq onları qardaşlaşdırıb .
Qələmə aldı: Surxay Şahbazov

