
Əsgərova (Məhərrəmova) Fatma Sabir qızı 1974-cü ilin 25 sentyabrında Biləsuvarın Xırmandalı kəndində anadan olub. 1991-ci ildə təhsil aldığı Xırmandalı kənd 1 saylı tam orta məktəbi başa vurub. Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. O, orta məktəbi yüksək nəticələrlə başa vurub, biologiya (2 dəfə) və kimya fənləri üzrə keçirilən Olimpiada yarışlarının qalibi olub. Əlaçı qızın əldə etdiyi ardıcıl təhsil uğurları, orta məktəbin gümüş medallı məzunu olması onun elə ilk imtahanlarda universitetə qəbulu üçün yaşıl işıq olub.
... Ali məktəbdə təhsil aldığımız illər müstəqilliyimizin ilk illərinə təsadüf edib. Bu illərin çətinlikləri çoxsaylı idi. Hazırda ölkəmizdəki sabitlik, əmin-əmanlıq şəraitindən fərqli olaraq, o vaxtlar ali təhsil müəssiələrində istər təhsil verənlərin, istərsə də təhsil alanların şəxsi iradəsi və mübarizliyi olmadan normal təhsildən danışmaq çətin olardı. Biz universitetdə təhsil alamaqla yanaşı, davamlı olaraq xəstəxanalarda olur, cəbhədə döyüşlərdə yaralanan əsgərlərin müalicəsində iştirak edirdik, onlara mümkün yardımımızı edirdik.
Yuxarıda söylənilənlər haqqında danışan Fatma həkim əlavə edir ki, bütün çətinliklərə baxmayaraq, müəllimlərimizin ciddi tələbkarlığı və peşəmizə olan sonsuz sevgimiz təhsilimizi uğurla başa vurmğa imkan verdi. Təyinatımı doğma rayonuma, zamanında sayılıb-seçilən səhiyyə müəssisəsinə- Xırmandalı kənd xəstəxanasına alıram. Burada Həsənəli həkimin rəhbərliyi altında internaturada çalışdığım üç il, sanki universitet təhsilinə bərabər məktəbdə oldum. Sosial qayğıların çoxluğuna, elektrik enerjisində uzunmüddətli fasilələrə rəğmən, canını əhalinin sağlamlığı naminə fəda edən şəxsiyyətlə birgə çalışmaq bizi ruhlandırırdı. Həsənəli həkim xüsusi istedad və savada malik yüksək erudisiyalı bir həkim idi. Təsəvvür edin ki, müayinə avadanlıqlarının yox dərəcədə olduğu bir şəraitdə o, ağır xəstələrin müayinə və müalcəsini dəqiqliklə icra edir, bizə öz zəngin təcrübəsini öyrədirdi. Yerli şəraitdə müayinəsi mürəkkəb olan pionemiya, neokart infarktı, qlonefet və digər profilli xəstəliklərin müalicəsini çox ustalıqla həyata keçirirdi.
... Müxtəlif səhiyyə müəssisələrində çalışan Fatma həkim öz peşəsinin mükəmməl bilicisi olmaqla yanaşı, xəstələrə qarşı həssas və qayğıkeş münasibəti onu sakinlərin sevimlisi edib. O, 2002-ci ildən həkim-terapevt kimi çalışdığı tibb müəssisələrində pasientlərinin şəfaətçisi kimi yaddaşlarda qalıb. Hazırda Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Bölməsinə rəhbərlik edir. Hazırkı işi Fatma həkimin çiyinlərinə əlavə məsuliyyət də qoyub. İndi xəstəxanaya yolu düşənlərin ilk müraciəti “Qəbul”dan başlayır. Təcili yardıma ehtiyacı olan xəstələrə yardım göstərmək, bəzən həssas məqamlarda xəstə yaxınlarının təlaşını qarşılamaq bu bölmədə çalışan tibbi heyətdən xüsusi zəhmət və münasibət tələb edir. Tibbi personal bölmənin qaynar, həyəcan doğuran iş rejiminə sözün əsl mənasında peşəkarlıqla sinə gərir.
30 ilə yaxın bir zamanda Biləsuvarda insanların sağlamlığı keşiyində duran Fatma həkim həm də karonavirus pandemiyasına qarşı mübarizədə daim öndə duran ağ xalatlı qəhrəmanlarımızdandır. O, pandemiyanın daha ciddi şəkil aldığı günlərdə durmadan çalışmış, ölümlə çarpışan onlarla insanın yenidən həyata qayıtmasına Tanrıdan sonra vəsilə olmuşdur. Həmin dönəmlərdə virus infeksiyası onu da yaxalayıb, kritik, ümidsiz bir durumda ixtisaslaşmış xəstəxanada müalicələrdən sonra sağlıq durumuna qovuşub. Ancaq yenə də karonaviruslu xəstələrə öz yardımını əsirgəməyib, fədakar fəaliyyəti ilə müalicələrini davam etdirib. Bu gün onun bütün fəaliyyəti xalqına xidmət nümunəsidir desək, heç də yanılmarıq... Bəli, budur Hippokrakt andına sadiqlik, vətəndaş yanğısı, böyük ürək sahibiliyi...
Fatma həkim həmçinin gözəl anadır. O, milli-mənəvi dəyərlərimizi bütün fəaliyyətində həmişə öndə tutur, iki oğul anası olmaqla onları dövlətimizə layiqli vətəndaşlar kimi tərbiyə etməyi bacarıb. Böyük oğlu Tahir orta məktəbi yüksək nəticə ilə başa vurub, 647 balla Bakı Ali Neft Məktəbinə qəbul olub. Digər oğlu Taleh də müvəffəqiyyətlə tələbə adına sahib çıxıb.
Gözəl insan, səhiyyə fədaisi, cəfakeş həkim Fatma Əsgərovaya can sağlığı arzu edir, davamlı uğurlu fəaliyyət arzu edirik!.
Surxay Şahbazov