» » Azərbaycan və Türkiyə qardaşlığı tarixi köklərə əsaslanır


Azərbaycan və Türkiyə qardaşlığı tarixi köklərə əsaslanır

Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə və ortaq mədəni dəyərlərə malikdir. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan - Türkiyə əməkdaşlığı , dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmaz olduğunu,Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar.

Bu gün də iki ölkə başçısının yürütdükləri siyasət Azərbaycan və Türkiyənin bu həmrəyliyini, qardaşlığını daha da möhkəmləndirib, sarsılmaz edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan - Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Son 2 ildə Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatında baş verən proseslər bir daha təsdiq etdi ki, zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də iki qardaş dövlət birlikdədir, eyni amal, məqsəd uğrunda birlikdə addımlayırlar.
26-29 may tarixlərində Bakı şəhərində keçirilən “TEXNOFEST - Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan - Türkiyə qardaşlığının, birliyinin dünyaya növbəti nümayişinin bariz nümunəsi idi. Festival tədbirləri çərçivəsində Türkiyə və Azərbaycan hərbi təyyarələri ölkəmizin səmasında uçuşlar edərək bizlərə qürurlu anlar yaşadaraq bu dostluğu daha da qürurlandırdı. Bütün dünya gördü ki, Türkiyə Cümhuriyyətinin kosmos, avi­asiya, pilotsuz uçan kəşfiyyat, kommunikasiya və hərbi məqsədli qurğular istehsalı üzrə uğurlarını dünya miqyasında təbliğ edən “TEKNOFEST” elm və texnika bayramı Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirildi. Müasir texnologiyaların nümayişi, möhtəşəm festival Türkiyə və Azərbaycanın bölgədə və dünyadakı birliyinin yeni bir nümunəsidir. Bu festival da ölkəmizə yeni uğurlar, nailiyyətlər gətirəcək. Eyni zamanda Azərbaycanın bu sahə üzrə inkişafı da bundan sonra durmadan artıracaq.
Bu tədbirin Türkiyə - Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ərəfəsində keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Qardaşlıq münasibətlərinin yeni salnaməsini yazan, bir daha dünyaya iki qardaşın birliyinin əbədi və əzəli olduğunu nunümayiş etdirən "TEKNOFEST Azərbaycan" festivalında Prezident cənab İlham Əliyev bəyan etdi ki, 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində Türkiyə daim Azərbaycanın yanında olub: "Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir”.
"TEKNOFEST Azərbaycan" festivalında iştirak edən Rəcəb Tayyib Ərdoğan da bəyan etdi ki, Türkiyə və Azərbaycan birlikdə hələ neçə-neçə layihələr gerçəkləşdirəcək və bununla da dünyanı təəccübləndirməkdə davam edəcəklər.
Bu gün Azərbaycanla Türkiyəni ortaq milli və mənəvi dəyərlərlə yanaşı siyasi mahiyyət daşıyan ortaq iqtisadi layihələr, qarşıya qoyulan eyni hədəflər və müştərək siyasi maraqlar birləşdirir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli təhlükəsizlik və sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan