» » "Söhbət var..." - da qonagımız Fuad Biləsuvarlıdır


"Söhbət var..." - da qonagımız Fuad Biləsuvarlıdır

Ədəbi aləmdə tanınan istedadlı yazar Fuad Biləsuvarlı 1001info.az-ın "Söhbət var... " rubrikasında qonağı olub. Müsahibəsində gənc yazar həyatından söz açıb, yaradıcılığından maraqlı anları oxucularla bölüşüb. "Bilesuvarinfo" həmin müsahibəni təqdim edir.
 
- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, gözəl șeirlərin müəllifi, jurnalist Fuad Biləsuvarlı kimi tanıyıram Sizi... Əslində Fuad kimdir ?
- Əvvəla, dəyərli Aynur xanım, çox sağ olun, minnətdaram ki,  məndən müsahibə götürdünüz. Var olun, ki, istedadlı gəncləri qoymursunuz ki, kölgədə qala.

Fuad Biləsuvarlı sadə nəğməkar şair, jurnalist, ürəyi mərhəmətli, xeyirxah, qəlbi könlü vətənlə döyünən vətənpərvər insan. Ataların bir məsəli var. "Ağac bar verdikcə başını aşağa əyər". Mənim uğurlarım da göz qabağındadır. Nə qədər uğurlarım çox olsa da yenə də sadəliyimi qoruyuram.

- Öz xətti, öz üslubu olan, heç kəsi təkrar etmədən yaradıcılıq yolunda uğurla irəliləyən Fuada ən böyük
mənəvi dəstək, güc hardan, kimdən gəlir?


- Gözəl sualdı.Göydə Allahdan, qıldığım namazdan, oxuduğum dini kitablarımdan, anamdan da çox qayğımı çəkən canım Xalidə nənəmdən, həm də nənəm mənim psixoloqdu. Onun mənə duaları bir dünyadır. Mənə qardaş olan, əmi, dayı olan Anar Həsənlidən, seyid dostlarımdan el ağsaqqalı seyid Hacı Mirqələmmirzə dayının mənə tövsiyyə və dəstəyindən, seyid dostum Mirsütun qardaşımın, Mirminarə xanımın, Mirzeynəb xanımın dualarından, sizin kimi dostlarımın mənə stimulundan, güc, qüvvət alıram.
- Allah sizə istedad, yazmaq bacarığı verib. Bu bacarığı xalq üçün, ədəbiyyatımızın gələcəyi üçün sərf etməlisiniz. Edə bilirsinizmi ? Qarşınıza tez-tezmi maneələr çıxır?

- Əgər bu çətin söz meydanına atılmışamsa, burda paxıllığa, çətinliyə minbir maneəyə dözməliyəm, sinə gərməliyəm. İmkan verilsə, şərait yaradılsa bu yolda səfərbər olub ədəbiyyatımız üçün çox işlər görərəm. Təəssüflər olsun ki, maneələr olduğundan hələ çox iş görə bilməmişəm.

 Televiziyalar mənim kimi istedadlıların üzünə qapı açmalıdı. Biz də istedadımızı göstərə bilək. Gələcəyə ümidlə baxıram. Əminəm ki, zamanla hər şey düzələcək, yoluna düşəcək.
- Bəziləri hansı səbəblərdənsə dostlarına, tanışlarına va ətrafındakılara, onların uğurlarına paxıllıq
edirlər... Necə mübarizə aparırsan bu insanlarla? -Yoxsa, sadəcə, baxıb keçirsən?


- Mənlə dostluq edib, evimdə çörək kəsib, evimdə kəsdiyi çörəyə xəyanət edən "dostlarım" da var. Nə qədər pisliklər etsələr də, yenə də onlardan ötrü çox darıxıram. Onlarla görüşüb hər şeyi aydınlaşdırmaq istəyirəm. İndi onlardan pislik görsəm də yenə mən Allahıma sığınıram. Deyirəm, Allahım sən özün onları hidayət elə. Aynur xanım, əzizim bilirsiniz kimləri deyirəm. Baş hərfləri N, R. Əvvəl çılğınlıq edirdim, dözmürdüm sözü çılpaqcasına deyirdim, yazırdım. Ancaq ibadətdən sonra dözürəm, səbr edirəm.
- "Allahım, sən məni dostumdan qoru, düşmənimlə özüm də bacararam.". Çox gözəl deyimdir...

- Ona görə, indi ağıllanmışam. Çünki hamıya da bütün sirlərimi, ürək sözlərimi demirəm. Həyat çox acımasız, çox vəfasız olub. Yaxşını da, yamanı da, pisi də, dostu da, düşməni də hamısını Allaha tapşırıram. Allah hamısıyla özü məşğul olacaq. Yaxşının imanın daha kamil edəcək, yamanın da pisliklərinə görə cəzasını verəcək. Geci, tezi var. Allah tərəfindən heç nə əvəzsiz qalmır. Əlhəmdulillah. Allah böyükdür.

- "Alim, şair, hərbçi, qanun keşikçisi və șair olmaq yaxşıdır, amma bununla bərabər gərək həm də insan
olasan"... Fuad, əsl insan olmaq çətin deyilmi?

- Bu dönəmdə, bu zamanda, bu dövranda əsl insan olmaq əlbəttə çox çətindi. Birinci növbədə insanlığımızı qoruyub saxlamalıyıq. Həyat, ömür çox qısadır. Bilmirik sabah başımıza nələr gələcək..

- Gözəl şeirlərin çoxdur. Sözlərinə mahnılar bəstələnib. Onları sənətkarlar, tanınmış ifaçılar
oxuyurlar. Bu yaşda bu uğuru qazanmaq böyük xoşbəxtlikidir.

- Allahın lütfüdür ki, bu istedadı mənə bəxş edib. Bəstəkar Vüsalə Hikmətlə mahnı yaradıcılığına başladım. Gözəl nəğmələr yazdıq. Ancaq məni ən çox tanıdan dostum "Əməkdar incəsənət xadimi" Nadir Əzimovla yazdığım nəğmələr oldu.
- Bilmək olar o hansı nəğmələr idi? 

- Qarabağımızın, Azərbaycanımızın gözü Şuşamızın azadlığına yazdığımız " Qarabağ-Şuşa" əsəri, çox sevdiyimiz Səhnəmizin brilliant səsli  xalq artisti Brilliant Dadaşovanın ifasında necə də gözəl səslənir. "Azərbaycan" əsəri, "Səndən sonra, sənsiz Yusif" şəhidə həsr olunmuş mahnı.  Hələ Nadir müəllimlə nə qədər işıq üzü görməmiş mahnılarımız var. Sonra bəstəkar dostum Natiq Qəzənfəroğlu ilə Hacı Şahin müəllim haqqında gözəl kompozisiya hazırladıq. Səhnəmizin sərkərdəsi, Xalq artisti, şöhrət, şərəf ordenli Rasim Balayev kimi sənətkar o şeirimi qiraət etdi. Kompozisiya" Haqqın oğlu" adlanır. Bəzi adamlar deyir ki, əşşi sənin hansı işlərin var e. Bu yaşacan mən çox iş görmüşəm. Hər şey göz qabağındadır. Göydə Allah, yerdə sizin kimi dostlarım buna şahidsiniz.

- "Bu qadın.." şeirindən bir misranı xatırlayacam.
Yorğundu çöhrəsi, qəmlidi üzü
Bezir bu hayatdan, bezir bu qadın!
Öyrəşib dərdini tənha çəkməyə.
Dərdiylə özünü əzir bu qadın!.

Doğrusu çox duyğulanmışdım bu misraları oxuyanda... Fuad, hardandır səndə bu qədər həssaslıq, incə duyum ?

- Dediyiniz şeirim üç bəndlik "Bu qadın" adlı şeirimdəndi. Demək olar ki, şeirimdə canım Xalidə nənəmin mənim üçün nə qədər əziyyət, əzab çəkdiyini göstərmişəm. Bəlkə də canım nənəm olmasaydı, mən Fuad Biləsuvarlı nəinki yaradıcılıqda, hətta həyatda olmazdım. Mənim özümdən asılı deyil. Ən uğurlu şeirlərim də, nəğmələrim də elə kədərdən, qəmdən, qüssədən, ölümdən ibarətdir. Elə vaxt olur ki, nədənsə, kiminsə həyatında təsirlənib yaza bilirəm. Yazılanların hamısı mənim həyatımı əks etmir. Həssaslıq balıqlar bürcündənəm deyə, ondandı. Balıqlar bürcündə doğulanlar həssas, gələcəyi görən, altıncı hissləri oyaq olurlar.

- Məhəbbət - hisslərin poeziyasıdır..- deyirlər. Fuad, o hisslər aləmində uzun bir yola çıxmısan... Nədir məhəbbət ?..  Məhəbbət göz yaşı kimidir - gözdən başlayıb ürəyə düşür...  Fuadın ürəyində kimsə var ?..


- Bu sualınız yaralı ürəyimə toxundu. Mən sevəndə həddən ziyadə çox dəlicəsinə sevirəm. Balıqlar bürcü çox xəyalpərəst olur. Çox xəyallara dalıram, fikrim, düşüncəm, özüm göylərdəyəm. Çox sevdiyim var. Çox arzulayıram ki, o xanımla sevgi yollarım birləşə, bəxt ulduzumuz barışa. Adı lazım deyil. Baş hərfi K. Çox istəyirəm ki, o xanımla ailə həyatı quram. O xanımın dərdindən neçə gün xəstə də yatmışam. Arzumdur ki, onunla evliliyimiz baş tutsun. Ailəsinə də deyirəm ki, mən qızınızı çox sevirəm, və bütün kaprizlərinə dözəcəm. Vallah, Aynur xanım , illərdi də məni tanıyırsınız siqaret çəkmirəm, içki içmirəm. Namaz qılıram, Quran oxuyuram. Hamı kimi mənim də xoşbəxt olmağa haqqım çatır. Özümə söz vermişəm. Ya o xanımla evlənəcəm. Ya da sevgi hisslərimə xitam verəcəm. Allah bu sevgi oxumu da daşlara çırpmasın. Həyatımda hər şey var. Bir sevgim çatmır. Yaradıcı üçün sevgi mütləq lazımdır. K xanım da  abırlı, həyalı, əxlaqlı, ismətli gözəl xanımdı. Mənim nəslim necə el içində hörmətlidisə, onun da nəsli o cür. Heç də mənim nəslimdən geri qalmayan nəsilli, nəcabətli xanımdı. O xanımı təkcə ürəyimlə yox, beynimlə də çox sevirəm.
- Həyatın bütün çətinlikləri, bütün oyunları, bütün sınaqları bir məqsəd üçündü... Sənə kimsə başa salsın ki, həyatının sahibi sən deyilsən...


- Əlbəttə ki, həyatımın sahibi mən deyiləm. Həyatımın sahibi qurban olduğumuz Allahdı. Biz Allahın yaratdıqları bəndələr Allahınıq. Yerin, göyün əşrəfi, memarı Allahdı. Allah bizə bu dünyanı müvəqqəti, kirayə verib. Biz Allahın bəndələri bu gidi, fani dünyada kirayəşinlərik. Qısa zaman kəsiyində də olsa, biz bu dünyadan mərhəmətimizi azaltmamalıyıq, bir-birimizi istəməliyik, sevməliyik. Yaxşı olacağıqsa biz öləndə Allahın yanında ruhumuz dolaşacaq, ucaltdığı mərtəbəyə ucala biləcəyik. Yaxşı nədirsə bizi onla mükafatlandıracaq. Pis olacağıqsa yenə də Allahın qəzəbinə tuş gələcəyik. Allahın xofundan, Allahın varlığından qorxmalıyıq. Onu da unutmamalıyıq ki, bizi ailəmizdən əfzəl göydən Allah idarə edir.


- Çox adam zəmanədən şikayətlənir. Əslində günah zamanda, zəmanədə, yoxsa elə insanın özündədir?


- Elə o dediyiniz çox adamın biri mən. Əslində zamandan, zəmanədən, dövrandan, dünyadan şikayət etmək lazım deyil. Bəzi nadürüst adamlardan şikayətlənməliyik, gileylənməliyik. Gücümüz o adamlara, insanlara çatmır deyə, günahı zamanın, zəmanənin, dövranın, dünyanın, bəxtin, taleyin, boynuna atmamalıyıq. Bizə bu dünyada olmazın zülmləri yaşadanlara qarşı, haqsızlığa qarşı mübarizə aparmalıyıq. Mən şəxsən mübarizəmə davam edirəm. Günahı da özümüzdə axtarmalıyıq. Çünki vaxtında qarışqanı böyüdüb fil etməsəydik bu cür situasiyalarla qarşılaşmazdıq.
- Fuad bu gün daha çox şair , yoxsa jurnalist ömrü yaşayır?
- Mən başımı aşağı salıb öz yaradıcılığımla məşğulam. Şair taleyi, jurnalist ömrü yaşayıram. Ev üçün də iddia etmirəm. Xırdalanda şükürlər olsun ki, öz evim var. Evlər hərbiçilərə, qazilərə verilməlidi. 


Şeirlərimin birində bu cür demişəm.


Ürəyimdə
Müşviqin, Cavidin yaşadığını,
Mən də yaşayıram öz ürəyimdə.
Kimlər ki, haqqıma nankor çıxdılar
Döndülər oldular köz, ürəyimdə.

Çox zaman qırıldım, sındım o ki var,
İçimdə alışdım, yandım o ki var.
Həyatı dərk edib qandım o ki var...
Dərdimə qoşuram söz, ürəyimdə.

Qışın havasıdı... Əsir küləklər -
Özü öz səsinə əsir küləklər...
Söz kimi adamı kəsir küləklər,
Hələ ki, duyulmur yaz, ürəyimdə!..

Qaya parçasıyam əzilməzəm çox,
Dözümlü olsam da dözülməzəm çox.
Sirr dolu sinəyəm, çözülməzəm çox,
Həqiqət gəzirəm düz ürəyimdə!

Müəllif: Fuad Biləsuvarlı


- 2023-cü illə sağollaşmağımıza sayılı günlərqalıb . Uğurlu il oldumu sənin üçün?.


Mənim üçün çox gözəl il oldu. Televiziyalarda, radiolarda çıxışım oldu, mahnılarım səsləndi. Azərbaycan mətbuatında, Türkiyə mətbuatında, Özbəkistan mətbuatında yazılarım, şeirlərim, müsahibələrim dərc olundu. Ən əsası işim düzəldi. Çox sevirəm ki, jurnalistika sahəsində fəaliyyətimi davam etdirirəm.


- 2024-cü il üçün arzuların, yəqin ki, çoxdur...
- Mahnılarımın birində demişəm ki, " Ömür bitə bilər, arzular bitməz"... Arzular bitmir. Əlbəttə, Allah imkan versin, geniş şərait yaratsın ki, o işlərimi yerinə yetirə bilim.
- 1001info.az olaraq söhbət üçün, maraqlı, dolğun,səmimi cavablarınız üçün çox təşəkkür
edirik.


- Siz çox sağ olun. Arayıb, axtarıb bizim kimi istedadlı gənclərin yaradıcılığını işıqlandırırsınız. Saytınız həmişə oxunaqlı olsun! Qələminiz iti, oxucularınız bol olsun!!!


Söhbətləşdi: Aynur Arzumanlı



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR