
“Bilesuvarinfo” xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümünə həsr edilən “Ölməz kəşfiyyatçı” adlı anım tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilib. Təqdimatda millət vəkilləri, zabit-kursant heyəti, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, və KİV nümayəndələri iştirak edib.

Tədbirdə Qəhrəman polkovnik-leytenantın xatirəsinə həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı” kitabının təqdimatı olub. Kitabın müəllifi, yazıçı-jurnalist Asif Mərzili bildirib ki, bu kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir.
Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş zabitlər - polkovnik Toğrul Şamxalov, polkovnik Telman Hüseynov şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, döyüş xatirələrindən, qələbənin əldə edilməsində böyük rolundan danışıblar.
Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında qəhrəmanlıq musiqiləri səsləndirilib,bədii rəhbəri Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın olduğu şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xorunun ifasında vətənpərvərlik mahnıları ifa olunub.
Qeyd edək ki, Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci il Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. N saylı kəşfiyyat hərbi hissənin komandiri olan O.Əkbərov 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. 2020-ci ilin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub, oktyabrın 6 - da Biləsuvar şəhərində dəfn edilib.







