- 18 noyabr, 10:00
- 1 391 dəfə oxunub
- 0
Həmyerlimiz Prezidentin köməkçisi təyin edilib
"Bilesuvarinfo"nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə X.Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Bu çətin və şərəfli işində həmyerlimizə "Bilesuvarinfo" adından uğurlar diləyirik.
Qeyd edək ki, X. Əhədov 4 fevral 1980-ci ildə anadan olub.
Ziyalı ailəsində doğulan X.Əhədovun anası müəllim, atası həkimdir. Onun atası Nurəddin Əhədov həm də keçmiş millət vəkili, "istiqlalçı deputat"dır.
Xaliq Əhədov 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olunub və Barselonada MBA təhsili alıb.
O, tələbəlik illərindən bank sektorunda işləməyə başlayıb. Daha sonralar professional fəaliyyətə keçən X.Əhədov 1999-cu ilin martında «Bank of Baku»da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb.
Ardınca - 2005-ci ildə “Bank of Baku”nun idarə heyəti sədrinin müavini işləyib.
2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın icraçı direktoru vəzifəsini tutub. 2016-da “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb.
Xaliq Əhədov 10.01.2017-ci il tarixində "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 14.03.2018-ci il tarixində "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.
Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
Qeyd olunan vəzifələrlə yanaşı, o, əvvəllər “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart prosesinq mərkəzi”nin direktorlar şurasının sədri vəzifələrini də icra edib.