» » » Pəhlivan cüssəli şəhidimiz dərin ehtiramla anıldı


Pəhlivan cüssəli şəhidimiz dərin ehtiramla anıldı

Bu gün Vətən müharibəsi şəhidi Babək Mahmudlunun şəhadətinin ikinci ildönümüdür.

“Bilesuvarinfo” xəbər verir ki, şəhidimizin anım günündə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli,YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ictimaiyyət nümayəndələri və respublikamızın ayrı - ayrı yerlərindən qonaqlar iştirak edib. Mərasim iştirakçıları Babək Mahmudlunun ölməz qəhrəmanlıqlarından söz açıb, məzarı önündə olaraq əziz xatirəsini ehtiramla anıb.
Vətən müharibəsi başlayanda Naxçıvan Xüsusi Təyinatlılarından cəbhə bölgəsinə yollanan qəhrəman oğullarımızdan biri də şəhid Babək Mahmudludur. Biləsuvarda doğulub boya-başa çatan pəhləvan cüssəli igidimizin Cəbrayıldan başlayan döyüş yolu Şuşada şəhadət zirvəsi ilə bitib. 
Şəhid Babək Mahmudlu 1995-ci ilin noyabr ayının 27-də Biləsuvarda sadə, zəhmətkeş  bir ailədə dünyaya göz açıb. Həyatı dərk edəndən, Tanrı qarşısında ibadətindən qalmayan Babək üçün Vətən hər şeydən önəmliydi.  Bu da təsadüfi deyil, atası Süleyman Mahmudov da birinci Qarabağ müharibəsinin könüllülərindən olub, müharibə qazisidi. Atasının yarımçıq arzularını- işğalda olan torpaqlarımızı azad etmək, bu amal uğrunda döyüşmək istəyi ilə böyüyüb.

Babək orta məktəbin 9-cu sinfindən Sumqayıt Dövlət Texniki kollecinə daxil olaraq orta ixtisas təhsilinə yiyələnib. Həqiqi hərbi xidmətini Naxçıvan Xüsusi Təyinatlı Qoşunlarında müvəffəqiyyətlə başa vurduqdan sonra, elə orada  müddətdən artıq hərbi xidmətini davam etdirməyə başlayır.  Manqa komandiri Babək Mahmudlu  XTQ-nin “İstiqlal” snayper kursunu da fərqlənmə ilə başa vurur.  Vətən müharibəsi başlayanda  o, da öz snayperi ilə  Naxçıvandan  döyüş əməliyyatları zonasına  yollanır. Komandiri, polkovnik Tehran Mənsimovun  Pəhləvan adlandırdığı Babək, Cəbrayıl, Zəngilan, Qubadlı və son nöqtədə - şəhadətə ucaldığı  Şuşayadək  şərəfli döyüş yolu keçir. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Onu da qeyd edək ki, Türkiyədə fəaliyyətdə olan “Palmali Holding” şirkətinin yeni aldığı gəmilərdən biri dünya sularında Babək Mahmudlunun adını daşıyacaq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər: