- 18 mart, 20:59
- 582 dəfə oxunub
- 0
Biləsuvarda Novruz bayramı qeyd edilib - FOTOLAR
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı tədbiri keçirildi.
Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Heydər Əliyev Parkında bayram tonqalı yandırıldıqdan sonra tədbir Biləsuvar Gənclər Evində davam etdirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruzun gəlişi münasibətilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı.
İcra başçısı bildirdi ki, əsrlərin sınağından çıxaraq xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır. Bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinc və qürur hissilə qeyd edir.
Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan Faiq müəllim bildirdi ki, baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunmuş bir qrup Vətən müharibəsi şəhidinin medalları ailələrinə təqdim olundu.
Sonra Bahar bayramı mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqsləri ilə davam etdi.
XƏBƏRLƏR ŞÖBƏSİ