Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvarda Qadınlar Gününə həsr olunmuş tədbir rayonun Gənclər evində keçirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal rolundan danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan Biləsuvar qadınları da bu gün idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
Bayram münasibətilə xoş arzularını bildirən natiqlər Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışaraq, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini xüsusi vurğulamışlar.
Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Mərkəzinin musiqiçiləri konsert proqramı ilə çıxış etmişdir.
- 5 mart, 23:31
- 607 dəfə oxunub
- 0