» » "Yarım qalmış arzular" adlı tamaşa nümayiş olunub


"Yarım qalmış arzular" adlı tamaşa nümayiş olunub

Xocalı soyqırımına həsr  olunmuş "Yarım qalmış arzular" adlı tamaşa nümayiş olunub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Gənclər Evində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar "Yarım qalmış arzular" adli tamasa nümayiş olunub. 

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi yad edilib. 

Tamaşadan öncə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxış edərək Xocalı soyqırımın dünyaya tanıdılmasında mədəniyyət işçilərinin gördükləri işlərdən danışıb və Azərbaycan xalqının heç bir vaxt Xocalı faciəsini unutmayacağını bildirib.

Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olaraq qiymətləndirib və onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım nəticəsində 613 nəfər işgəncə verilməklə vəhşicəsinə öldürüldü, şəhərin 5379 nəfər əhalisi itkin və didərgin düşdü, 1275 nəfər isə əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Xocalı sakinlərindən 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdir. 

Dünya ölkələrinə səfərləri və beynəlxalq tədbirlərdə iştirakı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev faciəni dünya dövlətlərinin diqqətinə çatdıraraq bildirib ki, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.  Məhz bu qanlı faciənin davam etməməsi üçün və faciə qurbanlarının qisası üçün 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi Zəfər əldə etdi. Şanlı ordumuz bütün şəhidlərimizin, o cümlədən  Xocalı faciəsi qurbanlarının qisasını aldı. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır. 

Sonra Xocalı soyqırımına həsr  olunmuş Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı "Yarım qalmış arzular" adlı tamaşa nümayiş olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan