Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov BMT-nin Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammitində iştirak edib.
"Bilesuvarinfo" xəbər verir ki, Faiq Qürbətov 30 sentyabr - 01 oktyabr 2024-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammitində iştirak edib.
Faiq Qürbətov sammitin ümumi iclaslarından əlavə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molcean, BMT-nin Cenevrə bölməsinin (UNOG) Baş direktoru ofisinin rəhbəri xanım Lidiya Grigoreva, BMT-nin Cenevrə ofisindəki Azərbaycan Respublikasının Daimi Nümayəndəsi Qalib İsrafilov və digər şəxslərlə görüşlər keçirib.
Sammitdə ayrı-ayrı sahələr üzrə şəhərlərin gələcəyi istiqamətində müzakirələr aparılıb. Bildiririk ki, BMT-nin Merlər Forumu 13 yanvar 2023-cü il tarixdə BMT-nın Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər tərəfindən Şəhərsalma, Mənzil və Torpaq İdarəetmə Komitəsinin orqanı kimi yaradılıb və Forumun əsas məqsədi şəhər başçıları arasında fikir mübadilələri aparmaq, ən yaxşı təcrübələri paylaşmaq, şəhərlərin inkişafı, davamlılıq və idarəetmə ilə bağlı ümumi problemləri müzakirə etmək, şəbəkələşmiş və inklüziv çoxtərəfli sistemin yerli, regional və qlobal səviyyədə inkişafına uyğun və vahid töhfələr verməkdir.