» » Keçmişimizə, soykökümüzə ehtiramla...


Keçmişimizə, soykökümüzə ehtiramla...

Bizim diyarda xeyirxahlıq, mərhəmət həm də bir ənənəyə çevrilib.

Arzu və istəkdən doğan xeyirxahlıq əməllərini reallaşdırmaq, həyata keçirmək, el-oba qayğısına qalmaqla onların  sevgisini qazanmaq həyatda  hər kəsə müəssər olan xoşbəxtlik deyil. Çünki bu, suyunu içib, havasını udduğun Vətən qarşısında həm də bir vətəndaş olaraq ən ülvi,müqəddəs vəzifələrdən biridir. Dinimiz də bunu təsdiqləyir. İslam mərhəmət, rəhmət, şəfqət, xeyirxahlıq dinidir.   İslamın gətirdiyi qaydalara nəzər saldıqda, aydın şəkildə görürük ki, xeyirxahlıq, əl tutmaq kimi yardımlaşma dinimizin təməl prinsiplərindəndir.  Xalqımızın milli adət ənənələrinin içərisində xeyirxahlıq ən çox təqdir olunan savab əməllərdən biridir. Bu ənənələrinin yaşadılması və mənəvi dəyərlərimizin mühafizə olunması ilə məşqul olan kəslərin  əməyi həm də  xalqımıza və dövlətimizə ən böyük xidmət nümunəsidir.

Böyük inkişaf yolunda addımlayan Biləsuvarda da bu müqəddəs ənənənin ictimai fəallıq və işgüzarlığı ilə seçilən xeyirxah sakinləri tərəfindən görülən işlərlə tanış olanda fərəhlənməyə bilmirsən. Yerində deyilmiş bir atalar sözünü xatırlayırsan: “Yaxşı ki, dünyada yaxşılar varmış, yoxsa dünya tərk olardı yaman əlindən.” Bir müddət əvvəl rayonun şəhər mərkəzindəki yaşı bir əsrə yaxın olan qəbristanlıqda həyata keçirilən əsaslı səliqə-səhman, abadlıq işləri buna bariz nümunədir. Əvvəllər yayın tozu, qışın palçığından əziyyət çəkən ziyarətçilər indi bu rahatlığa görə asvalt yolla addımladıqca adını belə bildirməyən bu xeyirxah iş sahiblərinə ağız dolu dualar edir, ölənlərinə rəhmət diləyirlər. Bizlərə axirəti xatırladan qəbristanlıqların təmizlənməsi, su çəkilməsi, işıqlandırılması, eləcə də yolların salınması da dinimizin bizlərə israrlı tövsiyyələrindəndir. İlahi riza üçün insanların mənafeyi naminə atılan xeyirxah işlər ən böyük savab  əməllərdən sayılır. 

Təxminən 300 metrə yaxın uzunluğu olan sözügedən qəbristanlıq ərazisinin işıqlandırılması üçün növbəti xeyirxahlıq addımını rayon sakinləri Seymur və Tariyel Təhməzov qardaşları atıb.  Əraziyə uzaq məsafədən   elektrik xəttinin gətirilməsi üçün kifayət qədər məsrəfi qarşılamaqla  elektirk dirəkləri, kabel və müasir  işıqlandırma lampaları alıblar. İndi qəbristanlıq ərazisinin gecələri də çil-çırağa qərq olunub. Əlbəttə vətəninə, elinə, obasına bağlı xeyirsevər insanların kimsədən tapşırıq almadan öz vicdanının səsi ilə könülləri oxşayan, ruhları sevindirən  davranışları ən böyük ibadət formasıdır desək yanılmarıq. Çünki, onu da bilməliyik ki, Allah dərgahında heç bir savab iş cavabsız qalmaz.

Keçmişimizə, soykökümüzə ehtiram əlaməti olaraq, bütün bu görülən xeyirxahlıq  işləri həm də bizim diyarda   bir ənənəyə çevrilib.

Samir Qurbanov,
jurnalist


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR