- 22 iyun, 16:25
- 536 dəfə oxunub
- 0
Biləsuvar Polisi narkotikə qarşı mübarizəni qətiyyətlə davam etdirir
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini Amid Bayramov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi “VAZ” markalı avtomobilə baxış zamanı Amid Bayramova məxsus 18 kiloqram, o cümlədən 4 kiloqram heroin, 9 kiloqramdan artıq metamfetamin, 5 kiloqrama yaxın tiryək və 109 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı A. Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə narkotiklərin satışını təşkil etdiyi müəyyən edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə paytaxt sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Axtarış zamanı onlardan 3 kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilib.
Digər bir əməliyyat tədbiri nəticəsində saxlanılan Biləsuvar rayon sakini Camal Rəhimovun üzərindən külli miqdada heroin, metadon həbi, yaşadığı evin həyətindən isə çətənə kolları aşkarlanaraq götürülüb.
Ümumilikdə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son 20 gün ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 43 nəfər saxlanılıb, həmin şəxslərdən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.