Biləsuvar Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Biləsuvar Təhsil sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirildi.
"Bilesuvarinfo" xəbər verir ki, iştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolunu, siyasi fəaliyyətini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən foto-stendlərə baxış keçirilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev bayram münasibətilə gəncləri təbrik edib, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması ilə xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu və həmin tarixdən dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyini bildirib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Qurbanov bildirmişdir ki, Milli Qurtuluş fəlsəfəsi, sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini təmin edib. Xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Çıxış edən digər natiqlər gənclərlə mövzu ətrafında geniş söhbət aparmış, Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyi vurğulamışlar.
Sonda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan İntibaha” adlı film nümayiş etdirilmişdir.