“Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2022-ci il tarixli Sərəncamı ilə rayonun Amankənd kəndində inşa olunmuş məktəbin açılış mərasimi keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki, açılış tədbirində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ilk öncə qarşıdan gələn “Bilik Günü” və yeni məktəbin açılışı münasibətilə pedaqoji kollektivi, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Bu istiqamətdə rayonumuzda da təhsilin inkişafı sahəsində layihələr icra olunur, dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur. İnanırıq ki, bu məktəblərdə dərs deyən müəllimlər və valideynlər də görülən işlərə öz töhfələrini verərək daha savadl və vətənpərvər gənclər yetişdirəcəklər.
Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Salyan-Şirvan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edərək, yeni məktəbdə daha savadlı kadrlar hazırlanması yolunda kollektivə uğurlar arzuladı.
Bildiririk ki, Amankənd kəndinin inzibati ərazisinin bir hissəsi olan bu yaşayış məntəqəsində ümumilikdə 40 evdə 245 nəfər əhali yaşayır və yaşayış məntəqəsi Amankənd kəndindən 30 kilometr uzaqda yerləşir. Burada yaşayan uşaqlar gündə 5-10 kilometr məsafə qət etməklə digər kəndlərin məktəblərində oxuyurdular. Məhz bu problemlərin aradan qaldırılması məqsədilə cənab Prezidentin sərəncamı ilə kəndin bu hissəsində 56 şagird yerlik modul tipli yeni məktəb inşa olundu.
Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra qonaqlar məktəb binasına baxış keçirib, yaradılan şəraitlə tanış olublar.