» » » Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirəsi yad edildi


Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirəsi yad edildi


Oktyabr ayının 13-də Biləsuvar rayonunun Çaylı kəndində  şəhid Qəniyev Cahid Şaiq oğlu, Zəhmətabad kəndində şəhid Talıblı Asif Arif oğlu və Əliabad kəndində şəhid Şahmarlı Elvin Malik oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olunub.

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək valideyinlərinə baş sağlığı veriblər.
         
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Qəniyev Cahid Şaiq oğlu 18 fevral 1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Çaylı kənd tam orta məktəbində təhsil almış və 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildən etibarən gizir hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qəniyev Cahid Şaiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Çaylı kənd küçələrindən birinə verilmişdir.
          
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının MAHHXHQ olmuş şəhid Talıblı Asif Arif oğlu 26 aprel 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə D.Dadaşov adına Zəhmətabad kənd ümumi orta məktəbində və 2008-2011-ci illərdə İ.Dəmirov adına Biləsuvar rayon Peşə liseyində təhsil almışdır. 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildən Daxili Qoşunların sıralarında MAHHXHQ xidmət edirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və oktyabr ayının 12-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 13 oktyabr 2020-ci ildə Zəhmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Talıblı Asif Arif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Onun adı əbədiləşdirilərək Zəhmətabad kənd küçələrindən birinə verilmişdir.
          
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Şahmarlı Elvin Malik oğlu 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə M.Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil almış və 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə yolanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş və  oktyabr ayının 12-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 13 oktyabr 2020-ci ildə Əliabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Şahmarlı Elvin Malik oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Əliabad kənd küçələrindən birinə verilmişdir.
        
Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR