» » » I Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi


I Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi


May ayının 14 - də Biləsuvar rayonunun Xırmandalı kəndində I Qarabağ müharibəsi şəhidi Rzayev Vurğun Səxavət oğlunun anım günü münasibətilə inşa edilmiş xatirə kompleksinin açılışı olub. 

Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid ataları, müharibə veteranları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.

Çıxış edənlər şəhid Vurğun Rzayevin I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar. 

Bildiriblər ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq. Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. 

Şəhidin doğmaları və yaxınları göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürlərini, ölkə rəhbərliyinə minnətdarlığlarını ifadə ediblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Rzayev Vurğun Səxavət oğlu 24 mart 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil almış və 25 may 1991-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. O, Füzuli, Tərtər rayonları və Ağdamın Sırxavənd, Seysulan kəndlərinin (hazırda bu kəndlər Ağdərə rayonunun inzibati ərazisinə daxildir) azadlığı uğrunda döyüşlərdə xüsusi fədakarlıqla vuruşmuşdur. 12 may 1994-cü ildə Seysulan kəndində yaralı əsgər yoldaşını döyüş zonasından çıxararkən qəhrəmancasına şəhid olmuşdur. 14 may 1994-cü ildə Biləsuvar rayon Xırmandalı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Xırmandalı kəndində küçələrdən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR