Biləsuvar rayonunun Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun abidə bulaq - kompleksinin açılışı oldu.
“Bilesuvarinfo” xəbər verir ki, abidənin açılışı tədbirində rayonun hüquq - mühavizə orqanlarının rəhbərləri, şəhidin hərbçi yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ruslanın komandiri onun döyüş yolundan söhbət açıb. Qazi müəllim Cavid Güllərov silahdaşı R. Qurbanovun keçirdiyi qısa və şərəfli ömür yolundan, şəxsi şücayətidən bəhs edilib. Məktəblilər şəhidlərimizin ölməz qəhrəmanlığına həsr olunan şeirlər sələndirib.
Tədbirdə çıxış edən şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ruslan Üzeyir oğlu Qurbanov - 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalıkənd кəndində anadan olub. Ağalıkənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra Gəncədəki N saylı hərbi hissədə hərbi xidmətini çəkmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov Vətən müharibəsi zamanı oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ruslan Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalıları ilə təltif edilib.
Qeyd edək ki, atası da Qarabağ müharibəsinin (birinci Qarabağ) iştirakçısı olan Ruslanın şəhadətinin beşinci ayında oğul övladı dünyaya gəlib, körpəyə atasının adı verilib.