Mart ayının 11-də Biləsuvar rayonunun Zəhmətabad kəndində şəhid Əlizadə Elməddin Sübhi oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Əlizadə Elməddin Sübhi oğlu 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil almış və 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Elməddin, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş,
Füzulinin və
Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və noyabr ayının 8-i Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 9 noyabr 2020-ci ildə Zəhmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Elməddin Sübhi oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!