» » » “Darıxma, qardaşın qəhrəman olacaq..!”


“Darıxma, qardaşın qəhrəman olacaq..!”

Onlar uşaq yaşlarından zəhmətə alışdılar, halal çörəklə böyüdülər. Təsərrüfat işlərinə maraqlı olan qardaşlar hələ məktəbli olarkən qoyun-quzu saxlayır, ailələrinin maddi sıxıntılarına dəstək olurdular. Bənna atalarının, xəstəxanada xidmətçi  işləyən analarının əziyyətlərini görən Azər hələ 10 yaşında olarkən Nailə ananın qarşısında diz çöküb  deyib: “Ana səni mən özüm xoşbəxt edəcəm. Sən mənimlə fəxr edəcəksən”. 

… Quş qanadlı illər Azərlə   Elşən qardaşların həyatından elə sürətlə  ötüb keçdi ki, qonşular deyir ki, biz onların necə böyüdüyünü bilmədik. Onların uşaq qəlbləri sanki xeyirxahlıq xəzinəsi idi. Uşaqlığı gəncliklə əvəz edərkən də tərbiyələrinə, ədəb-ərkan nümunələrinə sadiq qaldılar.
Biləsuvar şəhərində doğulub boya-başa çatan Azər və Elşən Sulduz oğlu Məmmədov qardaşlarının 4 yaş fərqi var. Onlar hər ikisi Silahlı Qüvvələrimizin hərbi qulluqçusu olub. Vətən müharibəsində rəşadətlə vuruşan Elşən hazırda vətənə xidmətinin 15-ci ilini də əzmlə davam etdirir. Onun kiçik qardaşı olan Azər isə  Daxili Qoşunların sıralarında cəbhədə düşmənə qarşı savaşıb. O, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərində  seperatçılara  qarşı mübarizədə könüllü olaraq öndə gedib, 24 saatlıq döyüşlərdə Ağdərə-Xankəndi yolunda kök salan qanunsuz silahlı birləşmələrin canına vəlvələ salan, sonda şəhadətə yüksələn qəhrəmanlardan biridir.

Qardaşı ilə son telefon danışığını Elşən belə xatırlayır: “ Zəngimi bir saat  sonra cavablandırdı, bildirdi ki, təhlükəli ərazidə deyiləm,  hətta yatıram-deməklə məni özünə inandırmağa çalışdı. Ancaq həmin vaxtda döyüş mövqeyinə gedirmişlər.  O, məndən yaşca kiçik olsa da, böyük ürəyin sahibi idi. Hər zaman özünü məğrur aparır, Vətəninə sonsuz sevgisi var idi. Döyüşlərdən söhbət düşəndə adətən şəhidlikdən danışardı, sanki ürəyinə danmış kimi, bir müddət öncə mənə bildirdi ki, qardaş mən qəhrəman şəhid olacağam. Əgər istəsəniz ruhum şad olsun, heç kim ağlamasan, şəhidliyimlə qürür duysun!.”

Naibə ana bildirir ki, oğlum sentyabr ayı girəndən bizimlə tez-tez danışırdı. Uşaqların  məktəb bazarlığını mənə  tapşırdı, pulunu artıq göndərdi ki, uşaqları məktəbə yaxşı yola salaq. Eşitmişdik cəbhədə gərginlik var, anacaq o, məni inandırdı ki, Gəncədəyəm. Yenə zarafatından qalmadı, deyir ki, ana şəhid olmaq hər kişiyə qismət olmur, dua et ki, mənə qismət olsun. Gözəl balam şəhidlik arzusuna çatıbsan, ruhun şad olsun. Məni 2019-cu ildə öz vəsaiti hesabına Kərbəla ziyarətinə yola salan balam yenə zarafatla əlavə edir ki, şəhid anasının Həccə getməsinin başqa gözəlliyi var. Fərasətli, ağsaqqal balam, çox əziyyətlər çəkmişdi bizdən sarı, toyunun bütün ağırlığını da özü etdi, biz hazır toyuna getdik. May ayından sonra (red-bu ilin) qızımızın ağır xəstəlik tapması səbəbindən, hər iki oğlumun heç rahatlığı olmadı. Maşınlarını satdılar, banklardan pul götürdülər ki, xərçəngdən əziyyət çəkən bacıları şəfa tapsın. Hər çətinliyə qatlaşdılar, ancaq bunu zərrə qədər də hiss etdirmədilər ki, anamız narahat olar.. .

Azərin yoxluğunu  kürəyinə ağır yük edən Sulduz ata əlavə edir ki, bir gün oğlanlarıma, biriniz gəlib yanımızda olun-deyəndə bu istəyimizdən imtina etmədilər. Ancaq onlarda vətənə xidmət göstərmək sevgilərinə qarşı çıxa bilməzdim. Hər ikisi dövlətinə, xalqına hədsiz bağlı oğuldurlar. Vətən müharibəsində Prezident İlham Əliyevin qətiyyətli qərarları, çıxışları onları hədsiz sevindirirdi. Özlərinin də bu mücadilədə, torpaqlarımızın işğaldan azadlığında iştirakçı olmasından çox sevinirdilər.

… Bacılarının xəsətəliyi Azəri çox üzmüşdü, deyirdi ki, müalicəsinə vəsaitimiz çatmasa, böyrəyimi də satmağa hazıram, təki bacım sağalsın. Azər həyatda mənim güvənc yerim idi, şəhidlik zirvəsi ilə elinin güvənc yeri oldu.  İndi  onun qoxusunu yadigarları – 11 yaşlı Zeynəbdən, 9 yaşlı  İbrahimdən alıram. Həyat sanki gözümdə sönmüşdü, bircə nəvələrimi yadıma saldıqdan sonra yaşamaq həvəsim qaldı.

Ömür-gün yoldaşı haqqında xatirələrini kövrəkliklə bölüşən Vəfa xanım bildirdi  ki,  Azər çox mərd, qorxmaz, vətənpərvər bir insan idi: “Heç nədən qorxmaz, ehtiyatlanmazdı. Vətənini çox sevirdi, 10 il idi qüsursuz xidmət göstərirdi. Uşaqlarına bağlı bir ata idi, hər kəslə isti münasibətdə olub. Tanıdığı dostun, tanışın  çətinliyini eşidəndə çalışardı əlindən gələni etsin. Mənim də borcum Azərin adını yaşatmaqdır,  onun övladlarını adına  layiq vətənpərvər övladlar böyüdəcəm..”
Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR