» » » Vətən Müharibəsi şəhidi doğum günündə anılıb


Vətən Müharibəsi şəhidi doğum günündə anılıb

Bu gün Vətən Müharibəsində böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Məhəmməd Quluzadənin doğum günüdür.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və bir çox təşkilat nümayəndələri şəhidin doğum günü münasibəti ilə Bəydili kəndində olaraq, ailəsini ziyarət edib. Kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov qeyd edib  ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

Görüşdə şəhid valideyinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Şəhid anası Nailə xanım övladının  zəhmətkeş, qeyrətli bir oğul olmasından xatirələri dilə gətirib: “ Böyük övladım idi. Ona görə də,  gözünü açandan,  həyatı dərk edəndən həm də evin bütün işlərində köməkçisi idi... Bir dəfə dönüb deməzdi ki, axı yoruldum! Bir dəfə nəyəsə etiraz etdiyini, gileyləndiyini   görmədim. “ Atası Cəlal kişi deyir :  “Bir gün deyəndəki, mən MAXE kimi orduya xidmətə (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) qayıdıran, nə anası etiraz etdi, nə mən. Özü ağıllı balaydı, nə edəcəyini, necə edəcəyini hamıdan yaxşı bilirdi. Biz ona “Allah xeyirli-uğurlu eləsin” deyəndən sonra onun necə sevindiyini təsəvvür  eləməzsiniz...  2020-ci ildə həqiqi hərbi xidmətini başa vurduğu Tərtər rayonundakı “N “saylı hərbi hissəyə xidmətə qayıtdı.  Hər dəfə onunla telefon əlaqəsi saxlayanda bizə elə minnətdarlıq edirdi ki... Bilirdim ki, ona “getmə”desəm sözümdən çıxmayacaqdı, bəlkədə getməyəcəkdi. Amma onu heç vaxt xoşbəxt görməyəcəkdim. Bu üzdən “get” dedim.”

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayon Bəydili kəndində anadan olub. Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda, Tərtər rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Bəydili kəndində dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Quluzadə Məhəmməd Cəlal oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR