- 10 oktyabr, 13:16
- 629 dəfə oxunub
- 0
Biləsuvarda “Muzeyi peşəkardan öyrənək” adlı layihə təşkil olunub
"Bilesuvarinfo"nun məlumatına görə, Azərbaycan Milli İncəsənət muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova tərəfindən Biləsuvar Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və məsul işçilərinin iştirakı ilə Biləsuvar Heydər Əliyev Mərkəzində təlim-seminar keçirilib.
Təşkil edilən növbəti təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onların mühafizəsi üçün təlimata uyğun şəraitin təşkili, elmi inventarizasiya, muzeyə azyaşlı uşaqların və gənclərin cəlb edilməsi məqsədilə layihələrin hazırlanması, muzeylərin sosial şəbəkələrdə təbliğ edilməsi məqsədilə mütəmadi olaraq maraqlı məlumatların yenilənməsi, posterlərin hazırlanması, ümumilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair tövsiyələr verilmiş, ətraflı müzakirələr aparılıb.
Həmçinin, “Azərbaycan incəsənəti dünya muzeylərində”, müasir üsullarla eksponatların bərpa və konservasiya sahəsində ABŞ-da tətbiq olunan təcrübə mövzusunda təqdimat keçirilib. Qətər, Türkiyə, Rusiya (Dövlət Ermitajı və Etnoqrafiya Muzeyi), İran, Gürcüstan, İsveç, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini, şəxsi kolleksiyaları bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilib. Tədbirdə ümumilikdə 11 mədəniyyət müəssisəsindən 30-dək muzey əməkdaşı iştirak edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini daha da peşəkar səviyyəyə yüksəltməyə, müasir tələblərə cavab verən işgüzar mühiti formalaşdırmağa xidmət edir. Layihənin ilin sonunadək digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.