Biləsuvar rayonunda 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub.
“Bilesuvarinfo”xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə rayonun Mərkəzi Parkında keçirilən mədəni - kütləvi tədbirdə rayon rəhbərliyi, mədəniyyət müəssisələrinin və rayon içtimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Tədbirdə təşkil olunan sərgiyə baxış keçirilib, bu günün tarixi əhəmiyyətindən söz açılıb.
Qeyd olunmuşdur ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş, bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.
Beynəlxalq Muzeylər Gününün ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edililməsi məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Azərbaycanın ictimai - siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.
Ötən əsrin əvvəllərində və sonrakı vaxtlarda ölkəmizdə muzeylərin yaradılmasından, saxlanılan qiymətli tarixi muzey eksponatlarından söhbət açılıb: ”Ötən əsrin 30 - cu illərindən etibarən bir - birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Təəssüf ki, neçə - neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb.”
Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada təkcə 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov saytımıza açıqlamasında qeyd etmişdir ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub: “Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.. .”
Tədbirdə biləsuvarlı incəsənət ustaları tərəfindən rəngarəng musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, Biləsuvar Regional Mədəniyyət idarəsinin “18 May Beynəlxalq Muzeylər Günü” münasibəti ilə idarənin tabeliyində olan mədəniyyət ocaqları tərəfindən silsilə tədbirlər də təşkil olunub. Bu kimi tədbirlərdən: Biləsuvar Tarix Diyarşünaslıq Muzeyində “18 May Beynəlxalq Muzeylər Günü” münasibəti ilə sərgi təşkil olunub. Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları həmin rayonun Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya edib. Salyan Tarix Diyarşünaslıq Muzeyinin təşkil etdiyi "Açıq qapı"da rayon və kənd məktəbləri, uşaq bağçaları, rayon ictimaiyyəti və Uşaq Yaradıcılıq Mərkəzinin dərnəkləri iştirak etmişdir. Və salyanlı musiqiçilərin Tarix Diyarünaslıq Muzeyində “Dünənimizdən bu günə” adlı konsert proqramı ilə çıxışını xüsusilə vurğulamaq olar.
“Bilesuvarinfo. az”
- 18 may, 22:04
- 741 dəfə oxunub
- 0