- 21 noyabr, 21:44
- 1 139 dəfə oxunub
- 0
Biləsuvarda qeyri-adi təbiət hadisəsi - Mədinə xurması 27 il sonra meyvə verib
"Bilesuvarinfo" bu maraqlı təsadüfü araşdırıb.
Respublikamızın ara-sıra ayrı-ayrı bölgələrində təsadüf edilən bu cür nadir təbiət hadisəsinə bu dəfə Biləsuvar rayonunun Bəydili kəndində rast gəlinib. Belə ki, təxminən 7 metrdən çox hündürlüyü olan 27 yaşlı Mədinə xurması bu il məhsul verib.
Ev sahibi Telman Əliyevin sözlərinə görə, təsadüfən həyətə atılan meyvənin çəyirdəyindən göyərib, böyüyən bu ağacın maraqlı tarixçəsi var:
"1995-ci ildə kəndimizin çox təqvalı insanı olan seyid MirTaha ağa Həcc ziyarətindən qayıtmışdı, mən onu ziyarət etməyə getdim, görüşdüm onunla. O, mənə balaca qutuda Mədinə xurması təbərük olaraq verdi. Biz də onu istifadə edəndən sonra pəncərənin qarşısında qumluq yer var idi ora atmışdım. Və bir də növbəti il gördüm orda göyərib xurma əmələ gəlib. Bundan sonra xurma koluna ev sevə-sevə qulluq göstərdik. Qış fəslində ağacı şaxtadan qorumaq üçün təxminən 10 il onun üzərinə polietilen örtük çəkmişəm. Ağacda sağlam inkişaf getdiyi üçün sonradan buna ehtiyac olmadı. Və nəhayət 27 ildən sonra bu ilin yay aylarında üstündə çoxlu tumurcuqları görəndə bildim ki, ağac meyvə gətirəcək. Maraqlısı isə soyuq aylarda meyvənin öz rəngi və dadı ilə yetişməsidir".
Ailə üçün də maraqlı görünən bu xurma ağacındakı salxımların hər biri 5-8 kq çəkidədir.
Mütəxəssislər ekvatorial ərazilərdə səhra iqlim şəraitində inkişaf edən Mədinə xurmasının Biləsuvarda yetişdiyini nadir təbiət hadisəsi sayırlar.
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyevin sözlərinə görə, ola bilər k, İranda yetişən xurma sortlarının burda yetişib məhsul verməsi mümkündür, ancaq Ərəbistanın iqlim, torpaq şəraiti tam fərqlidir onlarda:
"Ora səhra iqlimidi, torpaqları münbitliyi zəif olduğu üçün həm də yüksək temperatur, Ərəbistanın orta temperaturu yay aylarında 50 dərəcədən yüksək olur. Yəni onunçün bizim Muğan şəraitində elə bir temperatur qeydə alına bilməz. Yəni onun burda ağac kimi vegetativ forması inkişaf edə bilər, ancaq məhsul verməsi çox nadir hadisə hesab olunur burda. Burda məhsul verməsi də bizim üçün çox sevindiricidir. Dadı da keyfiyyəti də digər xurmalardan çox yüksədi".