- 25 noyabr, 21:53
- 846 dəfə oxunub
- 0
Növbəti Hind toyuğu Festivalı keçirilib - YENİLƏNİB
Biləsuvar şəhər Mərkəzi Parkında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Hind toyuğu festivalında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Mill Məclisin deputatı Bəhruz Məhərrəmov, tədbirin təşkilatçıları, rayon sakinləri, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edib.
"Bilesuvarinfo"nun məlumatına görə, tədbir zamanı iştirakçıları salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın Biləsuvar rayonunda keçirilməsinin artıq üçüncü il olduğunu qeyd edərək bildirib ki, festival rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin, adət-ənənələrimizi təbliğinə xidmət göstərir.
Festival zamanı hind toyuğundan hazırlanmış onlarla müxtəlif çeşidli təamlar rayonumuzun sakinlərinə və qonaqlarımıza təqdim olunub.
Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Ən dadlı təamlar hazırlayan həvəskar aşpazlar münsiflər tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Festival zamanı respublikanın və rayonumuzun musiqiçiləri tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunub və tədbirin sonunda möhtəşəm atəşfəşanlıq keçirilib.
*12:05*
Biləsuvar rayonunda növbəti Hind toyuğu Festivalı keçirilir.
"Bilesuvarinfo"nun məlumatına görə, tədbir Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə artıq üçüncü ildir keçirilir.
Festivalda cənub bölgəsinin folkloru ilə tanışlıq və həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək.
Biləsuvar Mərkəzi Parkında keçiriləcək Hind toyuğu Festivalının möhtəşəm şənliyində həmişə olduğu kimi bu il də Azərbaycanın müxtəlif bölgələrindən olan yerli və xarici qonaqlar iştirak edirlər.