» » “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib


“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib


Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dili və Əlifbası Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. 

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Biləsuvar təhsil sektorunun müdiri Anar Xammədov, rayon ziyalıları, azərbaycan dili müəllimləri və gənclər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan sektor müdiri Azad Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisindən, bu istiqamətdə atdığı addımlardan bəhs edib. Bildirilib ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda rəsmi tədbirlərdə doğma dilimizdə çıxış etməklə Azərbaycan dilinin əsas mənəvi varlıq kimi zəruri olduğunu önə çəkirdi. Bu, tarixi hadisə olmaqla yanaşı, həm də doğma dilə olan isti münasibətin bariz təzahürü idi. Bu addım Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisinin və hörmətinin göstəricisi idi. Biz hökmən dilimizin saflığını qorumalı, onu kənar təsirlərdən uzaq tutmalıyıq. Bunu bizə Ulu Öndər vəsiyyət edib, bunu bizə Prezident İlham Əliyev tövsiyə edib və Azərbaycan dilinin bundan sonrakı fəaliyyətinə hər birimiz öz doğma işimiz kimi baxmalıyıq.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova  tədbirlə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyəti nəticəsində bu gün Azərbaycan dili öz zənginliyi və saflığı baxımından seçilməkdədir. 

Biləsuvar təhsil sektorunun müdiri Anar Xammədov mövzu ilə bağlı çıxış edərək qeyd edib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Tədbirdə çıxış digər natiqlər dəyirmi masanın əhəmiyyətindən danışıb, Azərbaycan Dili və Əlifbası Gününün qeyd olunmasının önəmi haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib, xatirə şəkilləri çəkilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR