- 9 aprel, 11:34
- 1 000 dəfə oxunub
- 0
“ Məktəbimiz üçün yeni binanın tikintisi necə xoş olar, elə deyilmi?.. .”
Ümummilli lider Heydər Əliyev
Biləsuvarda, şəhid Aydın Həsənovun adını daşıyan Bağbanlar kənd tam orta məktəbi 1961 - ci ildə inşa olunub. Yarım əsrlik yaşı olan məktəbimizdə nəinki baba və nənəmiz, valideyinlərimiz, özümüz də təhsil almışıq.
Tarixin bütün illərində məktəbin kifayət qədər savadlı, intelektuallı, dərrakəli müəllimləri öz şagirdləri ilə qürur duyub. Yüzlərlə ziyalılar yetişdirmiş, həkimlər, müəllimlər, jurnalistlər ölkəmizə bəxş ediblər. Babam - Asif Əzim oğlu Cəfərov bu məktəbin direktoru olanda, yetirmələrinin adı çəkiləndə fəxrlə onlardan danışardı. Birinci Qarabağ savaşında, göstərdiyi qəhrəmanlıqlarla adı dillər əzbəri olan şəhid şagirdi Aydın Həsənovun işıqlı xatirəsini, ölməz adını əziz tutub, məktəbə onun adının verilməsinə nail olmaqla mənəvi rahatlıq tapmışdır.
… Sən demə babamın daha bir yetirməsi, düz otuz il sonra onun sələfi, həm də Aydının uğurunda qanı tökülən torpağın azadlığında iştirakçı olacaqmış. Söhbət əziz müəllimim, Bağbanlar kənd orta məktəbinin direktoru Nazim Ağacan oğlu Sadıqovdan gedir.
Nazim müəllimə qədər bir müddət məktəbimiz inkişafdan deyərdim ki, tamamilə dayanmışdır. O, məktəbə direktor seçiləndən sonra məktəbimizdə çox şey sözün yaxşı mənasında dəyişdi. Əlindən gələni əsirgəmədi, biliyinin, elminin, iti zəkasının qüdrəti ilə məktəbi dirçəltməyə sərf edib. Məhəmməd Tağı Sidqinin "Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır” kəlamını yada salsaq, həqiqətən də, hər bir sahədə savadlı kadrlar yetişdirilməlidir. Avamlara, cahillərə, gerizəkalılara ancaq təhsil verməklə onları sağlam düşüncəli kimi yetişdirmək olar. Mərifət bağının bağbanı da Nazim müəllim kimi müəllim, ziyalımızdır ki, məktəbin direktoru olandan, şagirdlərin ali məktəbə qəbul olmasında ciddi müsbət nəticələr var.
Nazim müəllim zəhmətkeş ziyalıdır. Öz zəhmətiylə bu zirvəyə ucalan baş leytenant İkinci Qarabağ müharibəsində məharətlə vuruşmuş, yaralanıb. "Cəsur döyüşçü" medallı, fədakar qazimiz Nazim müəllim bu gün fəaliyyətində gənclərdə Vətənə sevgi hisslərini aşılayır. O, müsahibələrində deyirdi ki, müharibənin ona müəllim olaraq başa saldıqları, vətəndaş olaraq göstərdiklərindən qat - qat artıq olub: “Müəllim olaraq bəzi həqiqətləri də dərk etdim. Məktəbdə “dəcəl”, “ipə - sapa yatmayan”, “oxumayan”, aşağı qiymətlər verdiyimiz uşaqların müharibədə bir qəhrəman olduğunu, necə böyük vətənpərvər olduğunu gördüm. Öz - özümə düşünürəm ki, bu uşaqlarda olan Vətən sevgisinin gücünə bax... Taqım üçün əsgər seçəndə 18-19 yaşlı uşaqlara qıymır, onları seçmək istəmirdim. Ancaq onlar hamıdan əvvəl önə çıxır, döyüşə girməkdə israr edirdilər”.
Nazim müəllimin ömür - gün dostu İlahə müəllimənin də, rəhbəri olduğu mehriban müəllim heyətinin də, məktəbimizdə şagirdlərin nizam-intizamlı, qayda qanuna əməl edilməsində əvəzsiz əməkləri danılmazdır. Amma bu gün məktəbimizdə elə problemlər var ki, məktəb direktorunun imkanları xaricindədir. Yəni problem ondan ibarətdir ki, 62 ilin məktəbi qəzalı vəziyyətdə, uçulmaq üzrədir.
Bağbanlar kənd uşaqlarına yeni məktəb lazımdır. Müasir tələblərə uyğun cavab verən, yeni təhsil ocağının olması, burada müəllim və şagirdlərin illərdən bəri davam edən həsrətinə son qoyar. Bağbanlar kənd orta məktəbinin direktoru Nazim müəllim Sadıqovla söhbətdə bildirdi ki, son illər Biləsuvarda onlarla məktəb üçün yeni məktəb binası yenidən tikilmiş, bir çoxu əsaslı təmir olunaraq lazım olan bütün şəraitlə təmin olunub. Bu günlərdə Bəydili kənd məktəbi üçün 1400 yerlik, yeni möhtəşəm binanın tikintisinə də başlanılıb. Ən böyük arzusumuz, kəndimizdə də yeni məktəb tikintisidir, yeni məktəbdə gələcəyə işıqlı gəncliyin yetişdirilməsində kollektivimiz üçün yeni stimul olar, daha səylə çalışarlar. Şagirdlərimizin oxuması üçün aydın məsələdir ki, müəllimlərin, şagirdlərin gözəl,normal şaraiti olmalıdır. İnanırıq ki, tezlikə bizim məktəbimizdə də müəllimlərə, şagirdlərə nə lazımdısa hamısı gözəl, keyfiyyətli şəkildə olacaq.
… Yəqin elə bu səbəbdən, uzun müddət idi məktəbimiz yuxumdan çıxmırdı. Bu günlərdə məktəbimizin son aqibəti ilə bağlı eşitdim ki, məktəbin qəzalı vəziyyəti daha ciddi durum alıb. 62 yaşlı məktəbimizçün yeni binanın tikintisi necə xoş olar, elə deyilmi?.
P.S. Biz əminik ki, başda möhtərəm Prezident, cənab İlham Əliyev, Təhsil nazirimiz Emin Əmirullayev səsimizə səs verəcək. Ölkəmizdə gələcək nəsilin gözəl şəraitdə təhsil alması naminə görülən işlərə Bağbanlar kəndində də başlanılaraq yeni məktəb binası inşa edilib şagirdlərin ixtiyarına veriləcək.
Fuad Biləsuvarlı,
AYB və AJB - nin üzvü, Prezident mükafatçısı