- 25 noyabr, 15:35
- 927 dəfə oxunub
- 0
“ 18 aydır ki, bizə boş vədlər verilir...” - Yenilənib
“Bilesuvarinfo” xəbər verir ki, bu iddia ilə kənd sakinləri adından çıxış edən veteran müəllim Oktay Əliyev ünvanladığı müraciətində qeyd etmişdir ki, dövlət rəhbəri tərəfindən bu məqsədlə işlərin tam həyata keçirilməsi üçün sərəncam imzalanıb, çox təəssüf ki, aidiyyəti qurumun yarıtmaz fəaliyyəti bu mühüm dövlət layihəsinin 5 ildir tamamlanmasına imkan vermir.
O. Əliyen bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Biləsuvar rayonunun Xırmandalı kəndində 09 mart 2018-ci il tarixdə rayon rəhbərliyinin, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev bildirildi ki, 9960 nəfər əhali içməli su ilə təmin edildi (http://bilesuvar-ih.gov.az/az/news/505.html).
Əslində isə, kəndi tən yarı bölən Balharı çayının sol sahilində yaşayan əhali içməli su ilə təmin olunur, çayın sağ sahilində yaşayan sakinlər isə bu xoşbəxtlikdən məhrum olundular. Bu da kəndin ümumi əhalisinin təxminən yarısını təşkil edir. Beləliklə, kənd sakinlərinə ikili münasibət sərgiləndi. Nəhayət, adamların narazılığını görəndən sonra 2021-ci ilin aprel ayında (http://www.bilesuvar-ih.gov.az/az/news/958.html) çayın sağ sahilində yalnız A. İmanov küçəsinə plastik boru qazıb basdırdılar. Qeyd etdilər ki, 6 min nəfərə yaxın əhalinin yaşadığı bu əraziyə 13 km. uzunluğunda müxtəlif diametrli borular çəkilərək, 120 ədəd bulaq quraşdırılacaqdır. Lakin işlər həmin ilin mayın 15- də A. İmanov küçəsində kəmərin simvolik açılışı ilə və yalnız həmin küçəyə su verilməsi ilə yekunlaşdı.
Bu sonuncu açılışda “Azərsu” rəmiləri tərəfindən vəd edildi ki, 2021-ci ilin iyun ayı ərzində çayın sağ sahilinin bütün küçələrinə su kəmərinin çəkilişi təmin ediləcək. Ancaq ötən yay küçələrə plastik boru basdırmaqla işlərini yarımçıq qoyub gediblər, bulaqlar bir dənə də olsun quraşdırılmayıb və təbii ki, su da yoxdur. O vaxtdan xeyli keçib. Sahil, C. Cabbarlı, G.Əsədov, S. Vurğun və yeni salınan məhəllələrdəki küçələr də daxil olmaqla, əhali içməli sudan istifadə edə bilmir. Biləsuvar rayon Sukanal İdarəsinin rəisi Zaur Məmmədova dəfələrlə müraciət etsək də, o, ötən 18 ayda bizi boş vədlərlə yola salıb. Kəndin adı çəkilən ərazisinin sakinlərinin isə bulanıq suyu duruldub içməkdən başqa çarəsi qalmayıb. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamı ilə ayırdığı vəsaitin necə xərcləndiyinin taleyi isə qaranlıq qalır.
Məsələ ilə bağlı Biləsuvar rayon Sukanal İdarəsinin münasibətini öyrənməkçün “Bilesuvarinfo” adından sözügedən idarəyə sorğu göndərmişik. Qarşı tərəf münasibətini bildirərsə dərc etməyə hazırıq.
* * *
Xırmandalı kənd İcra Nümayəndəliyindən "Bilesuvarinfo" ya açıqlamada bildirilmişdir, hal - hazırda kənddə çayın sağ sahilində su verilməyən evlərin su təminatı üçün qonşu Bəydili kəndi isiqamətindən daşıyıcı su xəttinin çəkilişi davam etdirilir.