» » Əsgərabad kəndinin məktəbliləri Şuşaya ekskursiya haqqını qazandı


Əsgərabad kəndinin məktəbliləri Şuşaya ekskursiya haqqını qazandı

Biləsuvarda gənclər arasında bir müddət davam edən intellektual oyunun qalibləri məlum olub.

“Bilesuvarinfo” xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı ilə yeniyetmələr arasında keçirilən "Xəmsə" Milli İntellektual Oyunun Biləsuvar rayon çempionatı yekunlaşıb.
Biləsuvar rayon rəhbərliyinin iştirak etdiyi final mərhələsində dörd komanda mübarizə aparıb. Çempionatın qalibi Əsgərabad kənd tam orta məktəbin "Cıdır düzü" komandası olub.  Milli Qəhrəman M. İbrahimov adına Bağça - Məktəb - Lisey Kompleksinin "Dahilər" və  "Müdriklər" komandaları müvafiq olaraq 2 və 3-cü yerləri tutub. Ovçubərə kənd tam orta məktəbin "Bazardüzü" komandası isə  4-cü sırada yer alıb.
Gərgin mübarizə şəraitində baş tutan yarışın qaliblərinə  fəxri fərman və hədiyyələr təqdim olundu. Kuboku qalib komandaya təqdim edən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov çıxışında gənclərə xoş arzularını çatdırıb. Qeyd etmişdir ki, Vətən müharibəsində bütün dünyaya  vətənə bağlılığını ölməz qəhrəmanlığı ilə göstərən Azərbaycan gəncliyi bu gün elm sahəsində öz uğurlarını artırır: “Heç kəsə sirr deyil hər bir dövlətin parlaq gələcəyi onun dərin bilikli gəncliyinin necə formalaşmasından asılıdır. Sevindirici haldır ki, dövlətimiz də hər vaxt təhsil sahəsinə xüsusi diqqət ayırıb. Siz gənclər, dövlətçiliyimizə öz töhfənizi təhsildəki uğurlarınızla verə bilərsiniz.”  

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva  qeyd etmişdir ki, çempionat ərzində 64 komanda ilə 1 seçim turu, 32 komanda ilə 1-ci, 16 komanda ilə 2-ci yarımfinal və 4 komanda ilə final mərhələsi keçirilib: “Ümumilikdə, 8-ci siniflər üzrə 320 məktəbli  yarışmada iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq müəllimin göstərdiyi mənəvi dəstək bir ay müddətində çempionatın uğurla davam etməsinə imkan verdi. Biləsuvar Rayon Gənclər İdman İdarəsi, Heydər Əliyev Mərkəzi, Biləsuvar Rayon Mədəniyyət Mərkəzinə, Gənclər Evi və Biləsuvar Rayon Olimpiya İdman Kompleksinə daima yanımızda olduqlarından  xüsusi təşəkkürümü bildirirəm.” Qeyd edək ki, final mərhələsi qonaqların və məktəblilərin qarşısında keçirilib. Yarışın gedişində  gənclər tərəfindən hazırlanmış müxtəlif rəqs nümunələri nümayiş olunub.
"Şuşa İli"nə həsr olunmuş yarışın  qalib komandası Şuşa şəhərinə ekskursiya haqqı qazanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan