» » Mübariz Liseyi Azərbaycan Dövlət Pedaqoji Universitetlə memorandum imzalayıb


Mübariz Liseyi Azərbaycan Dövlət Pedaqoji Universitetlə memorandum imzalayıb

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Azərbaycan Dövlət Pedaqoji Universitetlə memorandum imzalayıb.

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris depratamentinin direktoru dosent Sənan Əliyev, pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova və Kompleksin direktoru Aqşin Bağırov, direktor müavinləri Müşfiq Dadaşov və Təranə Orucova, həmkarlar ittifaqı təşkilatının rəhbəri Siyasət İsayev iştirak ediblər. Kompleks rəhbərliyi ilə görüşən rektor prof. Cəfər Cəfərov qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi regional milli özəl təhsil sisteminin uğurlu nümunəsi kimi özünü göstərmiş bir təhsil müəssisəsidir və Pedaqoji Universitetlə təhsil kompleksi arasında pedaqoji internatura və digər mexanizmlər əsasında tələbələrin təcrübələrinin təşkili, mədəni-kütləvi və digər sahələrdə geni əməkdaşlıq imkanları var.

Öz növbəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov kompleks haqqında ətraflı məlumat verərək, 2010-cu ildən fəaliyyət göstərən kompleksə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun adının verildiyini qeyd edib. Direktor bildirib ki, burada milli və beynəlxalq proqram üzrə Azərbaycan və ingilis bölmələri üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərilir və məktəb öz kateqoriyasında regionlarda yeganə belə Kompleksdir. Vaxtilə lisey kompleksinin məzunları olmuş 4 nəfər müəllim liseyə qayıdaraq hazırda pedaqoji fəaliyyət göstərir. Bu baxımdan kompleks yetişdirdiyi məzunlarının ölkənin ali pedaqoji təhsil müəssisələrində professionallaşaraq liseyə geri qayıtmasında maraqlıdır. Kompleks əməkdaşları universitet ilə yaxından tanış olub. 

Direktor Aqşin Bağırov qonaq olduğu Pedaqoji Universitetin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan