» » Bəhruz Məhərrəmov: “44 günlük haqq savaşında niyə Azərbaycanın yanında yox, qarşısında idiniz?!”


Bəhruz Məhərrəmov: “44 günlük haqq savaşında niyə Azərbaycanın yanında yox, qarşısında idiniz?!”

“Ukrayna ətrafında baş verən hadisələr hamımızı narahat edir. Həssasıq, amma biz hər kəsdən öncə millətimiz və dövlətimiz adına həssas olmalıyıq. Yəni Ukrayna məsələsində, cənab İlham Əliyevin tutduğu o qızıl ortadan kənara çıxmağın heç kimə, xüsusən də, əmin ola bilərsiz ki, Ukraynaya faydası yoxdur”.

Deputat Bəhruz Məhərrəmov bu fikirləri Milli Məclisin plenar iclasında söylədi. Qeyd etdi ki, bizim üçün istənilən məsələdə beynəlxlaq hüququn prinsiplərinə söykənən milli maraqlarımız öndə olmalıdır: “Biz ali niyyət kimi ana yasamızda bəyan etmişik ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi arzulayırıq. İndi belə bir məqamda bizi müharibədə az qala tərəf olaraq görmək arzusu bilmirəm hardan qaynaqlanır, amma ona əminəm ki, təhlükəli tendensiyadır. Azərbaycan bu günə qədər heç bir tərəfdaşını yarıda buraxmayıb, gördünüz dövlət başçımız Ukraynaya humanitar yardımda bulundu, buna görə Ukrayna prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi. Hətta cənab Zelenski Rusiya-Ukrayna arasında danışıqların Bakıda aparılmasının mümkünlüyünü təklif etdi. Çünki, Ukrayna dövləti Azərbaycanın ədalətinə, tərəfsizliyinə şübhə etmir və rəsmi Bakının mövqeyindən razıdır. Amma indi hansısa yoldan keçən gəlir Ukrayna səfirliyinə ki, mən dövlətimiz adına sizdən üzr istəyirəm. Soruşan lazımdır ki, sən kimsən ki, dövlət adına üzr istəyəsən? İkincisi, konstitusiya var, 8-ci maddə ilə ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini Prezident təmsil edir. İndi sizə kim ixtiyar verib dövlət adından xalq adından danışırsız?” Deputat dedi ki, bizim mövqeyimiz aydındır:

 “Konstitusiyamızın 9-cu maddəsində açıq mətnlə ifadə olunub ki, Azərbaycan beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Azərbaycan bütün dünya dövlətlərinin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edir. Bundan artıq nə etməliyik ki? Biz nə qardaş Ukraynanın nə də müttəfiqimiz Rusiyanın zərər görməsini istəmirik, bölgədə sülhün sabitliyin bərqərar olmasını arzulayırıq və bu istiqamətdə Azərbaycan prezidenti fəal iş aparır. Amma biz özümüz də prosesdən sağlam çıxmağı bacarmalıyıq, ona görə də yersiz müdaxilələrə, bu beynəlxalq məsələnin daxili siyasi prosesə çevrilməsinə yol verməməliyik.

 Mən bu proses fonunda bir məsələyə də diqqət cəlb etmək istəyirəm, Ukrayna hadisələri eyni zamanda çox sayda qərb dövlətlərinin, beynəlxalq təşkilatlarının ikili standart mahiyyətini bir daha ortaya qoydu. Əgər söhbət beynəlxalq hüquqla tanınan ərazi bütövlüyündən gedirsə bəli, bu həssaslıq alqışlanmalıdır. Amma bəs 30 il Azərbaycanın ərazi bütövlüyü pozulanda, torpağı işğal olunanda bunlar niyə susurdu? Bizimki məgər ərazi bütövlüyü deyildi? 44 günlük haqq savaşında niyə işğala son qoymaq istəyən Azərbaycanın yanında yox, qarşısında idiniz?! Bax, buna görə də xalqımız məsələnin mahiyyəti görməlidir. Bu dairələrin haqq ədalət uğrunda mübarizə apardığına inanmayın, onların ədalətini bu 30 ildə biz gördük. Bizim inanacağımız, güvənəcəyimiz bir güc var və olmalıdır o da İlham Əliyev şəxsiyyəti ətrafında birlikdən yaranan güc. Gerisi təfərrüatdır”.

Mənbə:
Musavat.com
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər: