» » Azərbaycan xalçasını kitab kimi oxumaq olar


Azərbaycan xalçasını kitab kimi oxumaq olar

XALÇAÇI RƏSSAM MİNAXANIM HÜSEYNOVA: "AZƏRBAYCAN XALÇASI ÖZ SİRRİNİ İLMƏLƏRDƏ GİZLƏDİR"



Azərbaycan xalqının milli-mənəvi dəyərləri sırasında xalçaçılıq sənətinin özünəməxsus yeri var. Xalçaçılıq sənətinin ənənə halını alması, müxtəlif qollarının meydana gəlməsi çox qədim tarixə malikdir. Tarixi mənbələrə görə, hələ Tunc dövründən etibarən yerli əhali arasında xalçaçılıq ənənələri təşəkkül tapıb. Bu gün azərbaycanlı qadın toxucular tərəfindən ərsəyə gələn biri-birindən gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr və digər dünyanın böyük muzeylərini bəzəyir.
Bugünkü müsahibimiz də xalçaçı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllimi Minaxanım Hüseynovadır.
 
- Əvvəllər müxtəlif bölgələrdə bütün ailə üzvlərinin adına ayrı-ayrılıqda xalçalar toxunurdu. Hal-hazırda bu adəti davam etdirən bölgələrimiz var?
- Elə ailələr var, müasir görünmək niyyəti ilə elə düşünürlər ki, adət-ənənələr yalnız keçmişə aiddir. Məncə, müasir dövrə baxanda keçmişdəki adətlər daha gözəl idi. Düşünürəm ki, hələ də adət-ənənələri qoruyub saxlayan ailələr var. Əvvəllər oğlan evi qız evinə nişanlı vaxtında 100 kilo yun gətirirdi. Həmin qız o yunlardan xalça və xalça məmulatları toxumalı idi. Maraqlı adətlərimizdən biri də gəlin köçən qızların nişanlı oğlanlara at çuvalı toxumaları idi. Azərbaycan xanımı örpəyi altında öz gözəlliyini gizlətdiyi kimi, Azərbaycan xalçası ilmələrdə öz sirrini gizlədir.

- Gənclərin xalçaçılıq sənətinə maraq dairəsi qənaətbəxşdirmi?
- Bu sahə üzrə təhsil alan tələbələrimizi nəzərə alsaq, gənclərin xalçaçılığa maraqları həddindən artıq böyükdür. ADRA-nın müəllimi olaraq tələbələrimdən çox razıyam. Ana övladına bağlandığı kimi, onlar da toxuduğu xalçaya bağlı olurlar. Bilirlər ki, toxuyub bitirəndən sonra xalça onlara həm başucalığı gətirəcək, həm də əl işləri tarixdə qalacaq.


- Tələbələr təhsil alandan sonra iş tapmaqda çətinlik çəkirlərmi?
- Hazırda xalçaçılıq inkişafa doğru gedir. Ona görə də onların iş tapmaq problemi ilə rastlaşmamışam. Bir çox məzun tələbəm artıq burada müəllim işləyir. Bəzi tələbələr də yeni açılan müəssisələrdə işləyirlər. Qeyd edim ki, ölkəmizdə xalçaçılığın inkişafı üçün bir çox işlər görürlər və bunun nəticəsidir ki, tələbələr rahatlıqla işlə təmin olunurlar.

- Həmçinin müəllifi olduğunuz dərs vəsaitləri də mövcuddur...
- Akademiyada işlədiyim müddətdən kitab yazmağa başladım. Dərslərimizi elə bu kitablardan keçirik. "Xovsuz xalçalara məxsus naxışların quruluşu", "Quba adlı xalçaların tədqiqatı", "Xalça məmulatlarının naxış və texniki üslublarının tədqiqatı" kitablarımdan əlavə, 3 dərsliyi də ərsəyə gətirmişəm.
İlk kitabımda Azərbaycanın xovsuz xalçalarını tədqiq etmişəm. Qeyd edim ki, Azərbaycanın 8 xovsuz xalça növü var. O xalçaların hər biri ayrı-ayrı bölgələrimizi əhatə edir. Bu klassik xalçaların həm sxemlərini, həm də ornamentlərini tək-tək tədqiq etməklə tələbələrə aşılamaq istəyirəm ki, Azərbaycan xalçasını kitab kimi oxumaq mümkündür. Həndəsi kimi görünən naxışlar bizə əcdadlarımızdan ötürülüb. Tariximiz tələbələrə daha aydın olsun deyə, bu kitablar üzərində işləmək qərarına gəldim.

- Bu kitabların nəşr olunmasında hansısa qurum yardım etdimi?


- Heç kəsə narahatlıq yaratmaq istəmədim, əziyyətini özüm çəkmək istəyirəm. Çünki hər çəkilən əziyyətin enerjisi ayrı olur. Qeyd edim ki, kitablarımın təqdimatı ADRA-da keçirilib. Kitabımın üz qabığına baxsanız görərsiniz ki, məktub simvolu var. Mən xalçaları məktuba bənzədirəm. Xalçalar əcdadlarımızdan gələn bir məktubdur. Biz rəssamlar onları oxuyub gələcək nəsillərə ötürürük.

- Dünya ölkələrində keçirilən sərgilərdə iştirak edirsiniz?
- Bəli, hətta deyərdim ki, dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda mənim xalçalarım var. Heydər Əliyev Fonduna minnətdaram ki, xarici ölkələrdə xalça sənətimizi təmsil etmək üçün məni də seçdi, onlarla səfərdə iştirak etdim. Fransa, İsveçrə, İngiltərə, Çin və s. ölkələrdə Azərbaycan xalçaçılığını təmsil etmişəm. Bu, mənim üçün çox qürurvericidir.

- Bəs nə vaxtsa fərdi sərgi açmaq kimi fikriniz var?
- 2009-2013-cü illərdə İçərişəhərdə "Əcdadların izi ilə" incəsənət salonum fəaliyyət göstərirdi. Əgər əlinə fırça alırsansa, rəssamlığın bütün sahələrində işləyə bilərsən. Ona görə də bu salonda tək xalça sənətinə aid nümunələr yox, tətbiqi sənətin bir çox sahələrinə aid əsərlər nümayiş edilirdi.

- Niyə həmin salon indi fəaliyyət göstərmir?
- Artıq xalça haqqında kitab yazandan sonra incəsənət salonunun fəaliyyətinə fasilə verdim. Orada maddi qazancım da var idi, amma elə bir vaxt olur ki, seçim qarşınında qalırsan. Mən də Vətənimə xidmət edib xalqımızın tarixi sərvəti olan xalçalarımız haqqında kitablar yazmaqla daha çox faydalı olmağı üstün tutdum.

- Bəs bu sahə ilə bağlı gələcək planınızda nə var?
- Azərbaycan tacirləri haqqında kitablar yazıram. Artıq bir kitabı bitirmişəm. Bu günlərdə onun təqdimatı keçirilməlidir. Digər bir tərəfdən özümün xalça və xalça məmulatları kolleksiyam var. Gələcəkdə xalçaçılığı yaşatmaq üçün şəxsi xalça muzeyi açmaq istəyərdim. Biz 2015-ci  ildən ARDA-da tələbələrdən ibarət kiçik bir cəmiyyət yaratmışıq. Əslində, müəllim kimi borcumuz tələbələri tək sənət baxımından yetişdirmək yox, onlara həm də mərhəmətli olmağı öyrətməkdir. Ayda bir dəfə tələbələrlə uşaqlar evinə ziyarətə gedirik. Bu ənənələri daim davam etdirmək arzusundayıq.

Havar ŞƏFİYEVA
  525-ci qəzet
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR