» » Qarabağda antiterror tədbirləri - qlobal miqyasda separatizmlə mübarizədə ən rasional addım - ŞƏRH


Qarabağda antiterror tədbirləri - qlobal miqyasda separatizmlə mübarizədə ən rasional addım - ŞƏRH

Qarabağda antiterror tədbirləri - qlobal miqyasda separatizmlə mübarizədə ən rasional addım -  ŞƏRH

Azərbaycanın özünün beynəlxalq hüquqla tanınan ərazisi olan Qarabağda 23 saatlıq lokal antiterror tədbirləri qlobal miqyasda separatizmlə mübarizədə ən effektiv və rasional addım hesab oluna bilər. Xüsusən, separatizmin dünyada iri güclərin əsas nəzarət alətlərindən birinə çevrildiyi, bu sahədə ikili standartların hökm sürdüyü mürəkkəb dövrdə, Prezident İlham Əliyev cəmi 23 saat ərzində Azərbaycan nümunəsi yaratdı.

"Bilesuvarinfo" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti, eyni zamanda, beynəlxalq hüququn ümumtanınmış normaları və dövlətlərin ərazi bütövlüyü prinsipinin, habelə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində ehtiva olunan məqsədlərin bu günə qədərki təcrübədə ən çevik realizə formatını ortaya qoydu. Bu mənada, antiterror tədbirlərimiz nə qədər daxili işimiz olsa da, bir o qədər də beynəlxalq hüququn təntənəsidir.
“Eyni zamanda, 1 sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir. Sirr deyil ki, qarşımızda peşəkar hərbçilərdən və muzdlu döyüşçülərdən ibarət, təcrübəli şəxsi heyət dayanırdı və irəliyə addım atmaq üçün yarmalı olduğumuz illərlə möhkəmlənmiş müdafiə mövqeləri var idi. Üstəlik, hərbi mövqelər qəsdən yaşayış məskənləri arasına, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan daha qısa zaman kəsiyində düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir. Xalqımızın həmrəyliyi və döyüş ruhu, Ordumuzun isə peşəkarlığını xüsusi qeyd etməklə, əminliklə deyə bilərik ki, bu Qələbə, ilk növbədə, Prezident İlham Əliyevin Zəfəri hesab olunmalıdır. Çünki ordu quruculuğu, müasir müdafiə sənayesi sahəsində nailiyyətlər, həmçinin formalaşan yeni geosiyasi reallıqlar məhz cənab İlham Əliyevin əsəridir. Eyni zamanda, bir neçə əsr sonra ilk dəfə xalqımızı məğlubdan qalibə çevirərək Vətən müharibəsindəki Zəfərimizlə, Prezident İlham Əliyev tarixin heç bir dövründə olmadığı qədər güclü milli birlik və həmrəyliyin əldə olunmasına, milli ruhun dirçəldilməsinə nail oldu. Qələbədən sonra, zəfərin memarı Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına müraciətində isə yeni geosiyasi situasiyada bölgədə sonrakı tendensiyaların yol xəritəsi ortaya qoyuldu. İlk növbədə, Azərbaycan rəhbəri Qarabağda yaşayan erməniəsilli insanlara ali səviyyədə siyasi təminat verdiyini bir daha bəyan etdi. Həmçinin dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməniəsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər. Bundan başqa, Azərbaycan Prezidentinin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 3 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Bu mənada, Azərbaycan Prezidenti əgər bu gün Qarabağ ermənilərinə eyni inkişaf və tərəqqini vəd edirsə, bu əslində illərdir çox çətin maddi-sosial durum çərçivəsində yaşayan həmin şəxslər üçün birmənalı şəkildə tarixi şansdır. Belə olan halda, hansısa regiona yad ünsürün bu bölgədə ayrı-ayrı hüquqlardan, azadlıqlardan dəm vurması regionda münaqişə vəziyyətinin alovlandırılmasından başqa bir şey deyil.
Ümumiyyətlə, aydındır ki, Azərbaycan antiterror tədbirlərinə start verərkən tamamilə aydın və legitim hədəflərlə yola çıxmışdı. Biz Qarabağda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını tələb edirdik. Yekun məqsəd isə separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etməyi hədəfləyirdik”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, niyyətlərin beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə uyğun olması, antiterror tədbirlərinin isə humanitar hüququn şərtləri rəhbər tutulmaqla aparılması, eyni zamanda, qəti tədbirlər çərçivəsində bir nəfər də olsun mülki insan və mülki obyektin hədəfə alınmamasının peşəkarlıqla təmin olunması bütün mümkün kənar təsirləri heçə endirdi. Özünün hərbi-siyasi gücü, daxili həmrəyliyi, imkanları və sağlam müttəfiqlikləri Azərbaycanı ildırım sürətli qələbəyə gətirdi. Ermənilər də əmin olmalıdır ki, onlar üçün ən doğru seçim məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı altında, Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq, Azərbaycanın, bütövlükdə regionun inkişafına, tərəqqisinə töhfə verməkdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR